5. Bitkilərin müxtəlif çoxaltma üsulları ilə artırılması
Bitki aləminin müxtəlif qruplarında müxtəlif çoxaltma üsulları yayılmışdır. Tərəvəz bitkiləri toxumla, meyvə ağaclarını isə vegetativ orqanlarla artırmaq daha əlverişli üsullar hesab olunur. Toxumla ağac bitkilərinin artırılması da mümkündür. Bir çox təsərrüfatlarda, bu üsulla yeni və calaqaltı bağların salınmasında geniş istifadə olunur.
Tərəvəz bitkilərinin artırılmasında əsasən tərəvəz toxumlarından istifadə olunur. Toxumla bitki çoxaldılmasının üstünlüklərindən biri, yeni sağlam bitki yetişdirilməsidir. Bu da gələcək məhsulun keyfiyyətində öz təsirini bildirir. Bir çox dekorativ gül bitkiləri də toxumla çoxaldılır. Toxumla birlikdə bir çox tərəvəz və dekorativ bitkiləri kök yumruları, soğanaqlarla da çoxaltmaq mümkündür.
Beləliklə bitki çoxaldılması üç əsas üsulla həyata keçirilir. Bunları elmdə vegetativ bitki çoxaldılması, qeyri cinsi və cinsi çoxalma qruplarına ayırırlar. Bağçılıq təsərrüfatlarında bitki becərilən sahələrdə bitkilərin çoxaldılması, vegetativ bitki orqanları və toxum (generativ orqanlarla) üsulları ilə həyata keçirilir.
5.1. Bitkilərin vegetativ orqanlarla çoxaldılması
Vegetativ bitki çoxaldılması üsullarında yeni orqanizm ana orqanizmin bir parçasından törəyir. Müxtəlif bitkilər insan tərəfindən mədəni şəraitdə genişləndirilmiş və əlverişli şəkildə mürəkkəbləşdirilərək becərilir. İstər yabanı, istərsə də mədəni şəraitdə çiçəkli bitkilər çiliklə (kök, gövdə və yarpaq çilikləri), bığcıqlarla, kök pöhrələri və bicləri, şəklini dəyişmiş zoğ və köklərlə, calaq vasitəsilə çoxaldılır.
5.1.1. Basmalarla çoxaltma
Bu üsulla bitkinin vegetativ orqanları vasitəsi ilə bitkilər çoxaldılır. Yəni bu üsulla bitki çoxaldılması, vegetativ bitki çoxaldılması üsullarından biridir (Şəkil 5.1).
Basmalarla bitkinin zoğunu, budağını ayırmadan kök əməl gətirmək üçün onun torpaqla təmasa gətirilərək kökləndirilməsidir. Zoğ və ya budaq, kök yarandıqdan sonra ana bitkidən ayrılır. Bağçılıqda basma ilə çoxaltma iki məqsədlə tətbiq edilir. Birinci məqsəd ting yetişdirmədi. Bunun üçün yüksək keyfiyyət göstəricilərinə malik limon, zeytun, heyva, fındıq, nar, incir, zoğal, dəfnə albalı, qarağat, firəng üzümü, subtropik əzgil, kol alması meyvə bitkilərinin cavan budaqları və ya zoğlarını torpaqla əhatəyə alır və ya onları şırıma uzadıb üzərini rütubətli torpaqla örtürlər. Kök əmələ gətirmiş budaq və ya zoğu ana bitkidən payızda və ya yazda ayırıb bağ salmaq üçün istifadə edirlər. İkinci məqsəd klon calaqaltı yetişdirməkdir. Dusen alması, cənnət alması tipləri, basma üsulu ilə çoxaldılması daha məqsədəuyğundur. Bununla birlikdə heyva bitkisinin müxtəlif formaları budaq və zoğlarında basma üsulu tətbiqi ilə kök əmələ gətirilir. Sonra onları ana bitkidən ayırıb calaqaltı məqsədilə istifadə edirlər. Çay plantasiyalarında, üzümlüklərdə seyrəkliyi ləğv etmək məqsədilə də basma ilə çoxaltma tətbiq edilir.