İkinci mərhələdə isə suyun aktiv udulmasıdır. Su udmaqla toxumlar öz kütlələrini artırırlar. Toxumları ən tez şişən lobya, noxud bitkiləridir. Sonra kələmçiçəklilər, ən axırda isə yerkökünün ikili toxumu və çuğundurun meyvəsi gəlir.
Toxumların tam doyması üçün lazım olan suyun miqdarı genetik xüsusiyyətlərdən və yetişmə yerinin şəraitindən asılıdır. Rütubətli şəraitdə yetişdirilən toxumlar şişərkən quraqlıqda yetişdirilən toxumlara nisbətən suya daha çox tələbat göstərir. Bir qayda olaraq toxumların cücərməsi üçün tələb etdikləri suyun miqdarı yetişərkən ana bitki üzərindən ayrıldıqları zaman malik olduqları miqdarla mütənasib (uyğun) olmalıdır.
Quru toxumlar demək olar ki, tənəffüs etmir, amma cücərmə zamanı isə o, sürətlə artır. Oksigenin udulması və karbon qazının buraxılması tez və bərabər sürətlə yüksəlir.
Normal cücərmədə adətən əvvəlcə kökcük görünür. Toxumların cücərməsi üsulunda böyük fərqlər vardır, rüşeym gövdəciyinin müxtəlif hissələrinin inkişafı da müxtəlif olur.
Toxumların cücərmə üsulunu bilməyin lazımi dərinlikdə səpinlərin müəyyənləşdirilməsi üçün vacib praktiki əhəmiyyəti vardır. Torpaqüstü cücərən toxumları dayaz səpmək lazımdır ki, toxumlar çıxış verərkən böyük müqavimətə rast gəlməsin.
Yeni əmələ gələn cavan kökcük torpaqda şaquli olaraq istiqamətlənir və ikiləpəlilərdə çox şaxələnir. Bu köklərə mil köklər deyilir. Birləpəli bitkilərdə həm əsas rüşeym kökləri, həm də yan köklər inkişafını tez dayandıraraq atrofiyaya uğrayır. Birinci buğumdan əlavə köklər əmələ gəlir və sürətli inkişaf edərək saçaqlı köklər yaradır.
4.7. Toxmacar calaqaltılara (şitillərinə) qulluq
Meyvə ağaclarının toxumlarından iki-üç yarpaqlı cücərtilər əmələ gəldikdən sonra birinci seyrəltmə aparılır. Yaxşı olar ki, seyrəltmə günün sərin vaxtında həyata keçirilsin. Səpin tarlasında birinci seyrəltmədən sonra bitkilərarası məsafə bitki arası 2-3 santimetr olmalıdır. Birinci seyrəltmədən 10-15 gün sonra cücərtiləri ikinci dəfə seyrəldirlər. Hər seyrəltmədə zəif inkişaf etmiş və kənarda olan cücərtilər çıxarılır. İkinci seyrəltmədən sonra cərgədə bitki ilə bitki arası 5-8 santimetrdən artıq olmalıdır.
Səpin tarlasında calaqaltıların (calaqaltı-şitillərin) normal böyüməsi üçün hektara vegetasiya müddətində təsiredici maddə hesabı ilə 45 kiloqram azot gübrəsi verilir. Birinci dəfə gübrələr ikinci seyrəltmədən 10 gün sonra may ayında, ikinci dəfə isə iyulda verilməsi məqsədə müvafiqdir. Azot gübrəsini cərgə aralarına səpib topalamaq və ya cərgələrdən 20-25 santimetr kənarda şırım açıb şırımlara verirlər. Torpağa azot gübrəsi verildikdən sonra sahə şırım üsulu ilə suvarılır. Səpin tarlası hava şəraitindən asılı olaraq 5-8 dəfə suvarılır. Əsasən aran zonalarında suvarmaya daha çox ehtiyac olur.
Vegetasiya dövründə sahə vaxtı-vaxtında suvarılır, torpaq hər suvarmadan sonra yumşaldılır, alaqdan təmizlənilir, kultivasiya edilir, xəstəlik və zərərvericilərə qarşı mübarizə, əlavə yemləmə və sair aqrotexniki işlər aparılır. Yuxarıda adları qeyd edilən aqrotexniki tədbirlər vaxtında və keyfiyyətlə yerinə yetirilsə, vegetasiya dövrünün sonuna qədər normal calaqaltı yetişdirmək olar.
Calaqaltılar rayonun iqlim şəraitindən asılı olaraq payızda oktyabr ayının axırı, noyabr aylarında və ya yazda fevral, mart ayının əvvəllərində qazıb çıxarırlar. Calaqaltılar çıxarılmağa başlamazdan 5-10 gün əvvəl yarpaqları əl ilə aşağıya doğru siyirib tökürlər.