Ağac bitkilərinin bir çoxu qış qələmləri ilə çoxaldılır. Qış qələmləri yarpaqlarını tökmüş 1-2 illik, bəzən 3-4 illik budaqlardan kəsilir. Qış qələmləri çilik adlanır.
Bağçılıqda xüsusən dekorativ bağçılıqda bir çox dekorativ ağac və kolları çiliklə çoxaldırlar. Çiliklər yay qələmindən fərqli olaraq daha uzun götürülür. Ağacların və kolların cinsindən asılı olaraq onların uzunluğu 8-25 santimetr ola bilər. Bəzi ağac cinsləri, məsələn, çinar, qovaq, söyüd, nar kolu, gül və s. çilik vasitəsi ilə çox asanlıqla çoxaldıqları üçün, onları başqa yolla çoxaldırlar. Çiliklə asanlıqla çoxaldılan ağacların çilikləri çox zaman tinglərdə xüsusi ləklərdə basdırılır. İnkişaf etmiş çiliklər yaz qabağı tinglikdən daimi əkin sahələrinə köçürülür. Gövdə qələmləri ilə bütün bitkilər çoxaldıla bilər. Lakin alma, armud, palıd, fıstıq kimi bəzi ağac bitkiləri çox çətinliklə bu üsulla çoxaldılır.
Kök qələmi ilə bitkilərin çoxaldılması
Bu üsulla bitkiləri çoxaltmaq çox çətinliklə mümkün olur. Bir çox ağac cinsləri - turanqa (dekorativ qovaq ağacı növü), şümşad, cökə, nar kolu, qızıl gül və s. kökdən götürülmüş qələmlər vasitəsi ilə çoxaldılır. Kök qələmləri 8-16 santimetr uzunluğunda, kökün adi karandaşdan azacıq yoğun hissələrindən götürülür. Torpağa mütləq götürülmüş qələmin aşağı hissəsi basdırılmalıdır. Kök qələmlərinin də, çiliklər kimi payızdan başlayaraq quma basdırılması məsləhətdir. Çünki bu halda onlar daha yaxşı kök formalaşdıra bilir. Adətən bitkiləri başqa üsulla çoxaltmaq mümkün olmadıqda və ya hər hansı bir qiymətli bitkinin sayını artırmaq məqsədi ilə onları kök qələmləri ilə çoxaldırlar.
Yarpaq qələmi ilə bitkilərin çoxaldılması
Çiçəklikdə bəzi bitkiləri yarpaq qələmi ilə çoxaldırlar. Bəzi çiçək bitkiləri yarpaq qələmi ilə çox asan çoxalır. Beqoniya, dovşan kələmi, irezina, ətirşah, yarpaq qələmləri nəm quma sancıldıqda belə çox asanlıqla kök əmələ gətirən bitkilərdir. Ətirşahın hətta yarpaqcığının parçasından yeni bitki əmələ gəlir. Yarpaq qələmindən nadir bitkidən bir çox yeni bitki əldə etmək məqsədi ilə istifadə olunur.
Toxumların cücərməsi və şitillərə qulluq
Həyatilik qabiliyyəti olan toxumlar əlverişli şəraitdə cücərməyə başlayır, başqa sözlə, onlar anabioz vəziyyətindən çıxır və rüşeym öz gələcək inkişafına başlayır. Cücərmə toxumların su udması ilə başlayaraq, cücərtilərin özünün sərbəst yaşamasını təmin edən assimilyasiya səthini əmələ gətirir. Bu ana qədər isə o, əsasən toxumda toplanan qida maddələri ilə qidalanır.
Hesab edilir ki, cücərmə 2 əsas fazadan ibarətdir. Böyümə prosesinin aktivləşməsi və cücərtilərin böyüməsi. Birinci faza ərzində toxumların şişməsi, hüceyrələrin uzanması və bölünməsi baş verir. Rüşeym kökcüyünün toxum qabığını deşməsi ikinci fazanın başlanğıcıdır, bu zaman rüşeymin çoxu toxumun səthinə çıxıb cücərir. Bundan sonra cücərti substratdan mineral duzları udur, yaşıllaşır və fotosintez başlayır.
Cücərtilər avtotrof həyat qabiliyyəti qazandıqdan sonra cücərmə prosesi qurtarır, cücərtilər torpaq səthinə çıxır. Cücərtilərin böyüməsi fazası ərzində bu proseslərin sürəti bir az ləngiyir. Bu qidalanma üsulunun dəyişilməsi ilə əlaqədardır.
Toxumların su udması onun yerləşdiyi ətraf mühitdən asılıdır. Toxumların su udması 0 °C- də başlayır, daha yüksək temperatur onların su ilə doymasına kömək edən amildir. Suyun udulması 2 mərhələdən ibarədir. Birinci mərhələdə toxum sululaşması gedir və bu xarici mühitdən asılı deyil.