Kolun bölünməsi ilə çoxalma
Bu qayda ilə bir çox kol bitkilərini çoxaltmaq mümkündür. Kollardan moruq, böyürtkən, rus alçası, bəzi nar sortları bu üsulla artırılır. Kolun bölünməklə çoxalması üsulu həmin koldan köklü gövdə hissəsinin ayrılmasına əsaslanır. Bir kolu bir neçə yerə ayırmaq mümkündür. Nadir bitkilərin o cümlədən hibrid bitkilərin çoxaldılmasının sürətləndirilməsində bu üsulun əhəmiyyəti böyükdür.
Bığcıqlar və tağlar vasitəsi ilə çoxalma
Sürünən gövdəli və yatan gövdəli bitkilərdən bir çoxu bığcıqları və tağları vasitəsi ilə də çoxaldılır. Çiyələyin sürünən zoğları hər buğumdan əlavə köklər və yerüstü hissə əmələ gətirir. Bu qayda üzrə boy atan yerüstü zoğlar bığcıq adlanır. Bığcıqların əmələ gətirdikləri bitkiciklər arasında buğum araları çürüyərək məhv olduqdan sonra yeni bitkicikdə yeni-yeni bığcıqlar inkişaf edir və beləliklə bir koldan çox qısa müddətdə çoxlu yeni bitkilər əmələ gəlir. Yeni bitkilərin sayı sürünən zoğlar, bitkinin boyatma sürətindən çox asılıdır. Boyatma sürəti isə bitkinin cinsi xassəsindən və xarici mühit amillərinin təsirindən asılıdır. Orta hesabla bir çiyələk kolunda iki il müddətində təsvir edilən qayda üzrə 200 dən çox yeni çiyələk bitkisi əmələ gələ bilər.
Yatan gövdəli bitkilərin gövdələri adi vəziyyətdə kök vermir. Onların gövdələrində mexaniki toxumalar zəif inkişaf etdiyindən, gövdə şaquli vəziyyətdə dura bilmir. Belə gövdəli bitkilər yer üzərində sərili halda böyüyürlər. Bu cür bitkilər tağlı bitkilər adlanır. Tağlı bitkilərə qabaq, xiyar, qarpız, yemiş bitkiləri aid edilir. Tağlı bitkiləri asanlıqla, tağları vasitəsi ilə tağın üstünü torpaqlamaqla çoxaltmaq mümkündür. Bu halda tağın buğumlarından əlavə köklər və gövdəcik inkişaf edir.
Qələm (çilik) vasitəsi ilə çoxalma
Çoxaltma məqsədi ilə bitkinin vegetativ orqanlarından kök verməsi üçün götürülmüş parça qələm (çilik) adlanır. Bitkidə üç əsas vegetativ orqan olduğu üçün qələmlərdə üç cür olur:
Bağçılıqda, çiçəkçilikdə bitkilərin qələmlə çoxaldılması geniş tətbiq edilən üsuldur. Xüsusən gövdə qələmi ən müxtəlif formalarda tətbiq edilir.
Gövdə qələmi iki cür olur. Yaşıl qələm və qış qələmi. Çiçəklikdə, müxtəlif çiçək bitkilərini, o cümlədən otaq bitkilərini və həmişəyaşıl bitkiləri yaşıl qələmlə çoxaldırlar. Bu bitkilərin qələmləri istər payızda, istərsə də yazda hətta qış və yay aylarında götürülə bilər. Bu məqsəd üçün 3-5 yarpaqlı zoğ ana bitkidən kəsilib götürülür. Kəsik xətt buğumların altından və üstündən keçirilir. Kəsilmiş zoğ nəm quma və ya vermikulit tərkibli substrata yerləşdirilir.
Yaşıl qələmlərlə ağac bitkiləri də çoxaldılır. Yarpaqlarını tökən ağac bitkilərinin yaşıl qələmləri ancaq yay girəndə, yarpaqlar təzə açılan zaman götürülür. Bu qələmlər yay qələmi adlanır. Yay qələmləri üzərində 4-7 yarpaq yerləşə bilən uzunluqda olmalıdır. Yay qələmləridə steril və nəm substrata köçürülür. Yay qələmləri təsərrüfat məqsədləri üçün az istifadə olunan bitki çoxaltma üsuludur.