Bitkilərin hər üç vegetativ orqanları (kök, gövdə, yarpaq) vasitəsi ilə artırmaq mümkündür. Buna vegetativ çoxaldılma deyilir. Vegetativ bitki çoxaldılması üsullarından bəziləri aşağıda göstərilmişdir.
Kökümsov gövdə ilə çoxalma
Bitkilərin bu üsulla çoxaldılması ən əlverişli və geniş yayılmış bitki çoxaltması üsuludur. Kökümsov gövdə ilə çoxaldılmada bitkiləri qısa müddət ərzində çoxlu sayda çoxaltmaq mümkündür. Vegetativ çoxaldılma üsullarından biridir. Sürünən kökümsov gövdələrlə bitkilər çoxaldılır. Bu üsulla çoxaldılmadan istifadə olunaraq ərazilərin yaşıl ot təbəqəsi, qazon örtüyünün salınmasında istifadə olunur. Həmçinin torpaq eroziyasının (Eroziya - torpaqların küləklə sovrulması, yağıntı suları ilə yuyulması və s.) qarşısı alınması üçün torpaq bərkidici bir üsul kimi tətbiq edilir. Çiçəkçilikdə və bağçılıqda kökümsov gövdəli bitkiləri həmin orqanlar vasitəsi ilə çoxaldırlar. Məsələn süsən, kanna, bambuk və başqaları kökümsov gövdə ilə çoxalır.
Yeraltı yumrular ilə çoxaltma
Yeraltı yumrular əmələ gətirən bitkilərdə müşahidə olunur. Bəzi bitkilərdə gövdə yumruları, bəzilərində isə kök yumruları əmələ gəlir. Təsərrüfatda kök yumruları ilə batat, gövdə yumruları ilə kartof, yerarmudu və başqa bitkilərin çoxaldılmasında bu üsuldan istifadə olunur.
Soğanaqla çoxaldılma
Bir çox soğanaqlı bitkilərin çoxaldılmasında tətbiq olunur. Soğanaqla çoxalan bitkilərin əsas ana soğanaqları yanında bala soğanaqlar inkişaf edir, bunlar da yeni bitki formalaşdırmaq qabiliyyətinə malikdir. Bu cür çoxalan bitkilərə xörək soğanı, sarımsaq, müxtəlif zanbaq növləri, nərgiz və başqa bitkilər aiddir.
Basılma üsulu ilə çoxalma
Bu üsulla ən çox tənəyi, ənciri, narı və başqa bitkiləri çoxaldırlar. Həmin məqsəd üçün qeyd edilən bitkilərin cavan, bir, iki, bəzən üç, dörd illik budaqları əyilir, torpağa sancılır. Üzəri torpaqla örtülür. Əgər bunlar yaz vaxtı basılarsa payıza qədər, payız vaxtı basılarsa gələn ilin payızına qədər ana bitkidən ayrılmır. Basılıb torpağa sancılmış və torpaqla örtülmüş budaqdan bu müddət içərisində əlavə köklər inkişaf edir. Əlavə köklər inkişaf etdikdən sonra budaq ana bitkiyə bitişən yerdən kəsilir. Yeni kök əmələ gətirmiş bitki istənilən daimi yerinə köçürülür.
Kök pöhrələri ilə çoxalma
Kök pöhrələri kökdən başlanğıc götürən əlavə tumurcuqlardan əmələ gəlir. Bu tumurcuqların inkişaf etməsi və böyüməsi nəticəsində kök üzərində ana bitki ilə bilavasitə bağlı olmayan yeni bitki əmələ gəlir. Bu bitki sərbəst surətdə ana bitkidən ayırıb istənilən yerə köçürmək olar. Bu üsulla albalıda, gavalıda, alçada və s. bitkilərdə pöhrə əmələ gətirmə qabiliyyəti yüksəkdir. Dekorativ ağaclardan ağ akasiya, aylant, yasəmən pöhrə əmələ gətirən bitkilərdəndir. Alma, armud, palıd, fıstıq kimi bir çox ağaclar çətinliklə pöhrə əmələ gətirir.