Sorta məxsus rəng və torluluq əmələ gəlir və meyvələr yumşalır (Şəkil 4.18).
Bu mərhələdə toxumun mum və tam yetişkənlik fazalarını ayırmaq olar. Kələmdə toxumların qonurlaşmasının əvvəlində mum yetişkənliyi başlayır, toxumun nəmliyi 45-47 faiz təşkil edir. Soğan toxumları bu fazanın sonunda bərkiyir və qara rəng alır, nəmliyi 53-57 faizədək azalır.
Pomidor meyvələri boz-qonur yetişkənlikdə (rəngdə) olur, toxumlar saralmağa və bərkiməyə başlayır.
Mum yetişkənliyi fazasının böyük təsərrüfat əhəmiyyəti vardır. Bu fazanın sonunda toxumluqlar yığıma hazır olur. Ona görə də mum yetişkənliyi fazasını yığım yetişkənliyi fazası hesab etmək olar.
Tam yetişkənlik fazası üçün fızioloji-biokimyəvi proseslərin sabitləşməsi və toxumlarda quru maddələrin toplanmasının dayanması xarakterikdir. Toxumlar yüksək səpin keyfiyyəti qazanır. Bu fazanın sonunda toxumlar bioloji yetişmiş olur. Kələm toxumları mixəyi, turp toxumları isə açıq mixəyi rəng alır, buynuz meyvələr partlayır (Şəkil 4.19). Soğan toxumları qırışır, rəngi qara olur (Şəkil 4.20).
Tam yetişkənlik fazası qurtarandan sonra nəmliyi yüksək olduğuna görə, toxumları uzun müddət qurutmadan saxlamaq olmaz. Qurudulduqdan sonra onlar kondisiya nəmliyinə çatdırılır (kələm, turp 9 faiz, xiyar 10 faiz, soğan, pomidor 11 faiz). Belə toxumlar təsərrüfat yetişkənliyi fazasına çatır və saxlamaq üçün yararlı olur.
4.6.3. Vegetativ orqanlarla bitki çoxaldılması
Çoxalma bitkinin böyümə və inkişaf proseslərinin gedişi ilə sıx surətdə əlaqədar olan bir təbii prosesdir. Bitki aləminin müxtəlif qruplarında müxtəlif çoxalma üsulları yayılmışdır. İbtidai bitkilərdən başlayaraq ali bitkilərə qədər bütün bitkilərdə, o cümlədən çiçəkli bitkilər də müşahidə olunan müxtəlif çoxalma üsullarını üç qrupa ayırmaq mümkündür: vegetativ çoxalma, qeyri-cinsi çoxalma və cinsi çoxalma.