Yetişməmiş, vaxtından əvvəl yerə tökülmüş, zədəli meyvələr toxum tədarükü üçün yaramır. Həmçinin çərdəkli meyvələrin tezyetişən, tumlu meyvələrin isə gecyetişən sortları toxum tədarükü üçün istifadə olunmamalıdır. Onlardakı toxumlar normal həyat fəaliyyətinə malik deyildir. Ona görə də çəyirdəklilərin gec yetişən və tumluların isə orta vaxtda yetişən meyvə sortlarından toxum tədarükü üçün istifadə olunması məsləhətdir. Toxumun rüşeymi tam inkişaf edib normal həyat qabiliyyətinə malik olmalıdır.
Tumlu meyvələrin tamam yetişməsi üçün talvar altında meyvələr 40-50 santimetr hündürlükdə və 3-4 metr enində tağa yığılır. Meyvələrin qızışmaması üçün vaxtı-vaxtında qarışdırırlar. 8-10 gündən sonra meyvələr yumşalır, içərisindəki toxumlar isə tam yetişir. Belə meyvələr yuyulur və xüsusi meyvə doğrayıcısında doğrayırlar.
Adətən toxumlar suyun dibinə çökür, 2-3 dəfə təkrar yuduqdan sonra toxumlar cəcədən tam ayrılır. Tumlu meyvələrdən şirə istehsal edən preslərdə meyvəni az sıxmaqla da (toxum zədələnməsin deyə) toxum almaq olur.
Meyvə tingliklərində alça, yabanı ərik, gilas, albalı meyvələrindən çəyirdəyi çıxarmaq üçün yumşaldılmış meyvələrin içərisində olan toxum çıxarılır. Çəyirdək lət hissədən tam təmizlənib yuyulmalıdır. Çünki lət hissəsi qalarsa belə çərdək kiflənir və rüşeymi tələf ola bilər. Bu qayda ilə təmizləmiş tumlu meyvə toxumu 0,5 santimetr, çəyirdəklilərin toxumu isə 2,5 santimetr qalınlığında xüsusi düzəldilmiş rəflərdə sərilir, havalanan yerdə, kölgədə qurudulur. Hər gün toxumlar 5-6 dəfə qarışdırılır.
Qurudulmuş belə toxumların nəmliyi 15-16 faizdən artıq olmamalıdır. Toxumların tədarükü iyul ayından başlayıb noyabr ayınadək davam etdirilir. Qurudulmuş tumlu meyvələrin toxumları tutumu 16-20 kiloqram, çəyirdəklilər üçün 40-50 kiloqram olan kisələrə doldurulur, sərin, yaxşı havalanan, havanın nisbi rütubəti 60-70 faiz adi otaq temperaturu olan binalarda saxlanmalıdır. Toxumlar gəmiricilərdən mühafizə olunmalıdır. Bir sıra meyvə bitkilərinin toxumları normal şəraitdə saxlandıqda 1-2 il öz cücərmə qabiliyyətini itirmir.
4.6.2. Tərəvəz bitkiləri üçün toxum tədarükü
Tərəvəz bitkilərində toxumların yetişmə prosesi onlarda mürəkkəb biokimyəvi çevrilmələrlə müşayiət olunur. Bu proseslər sortdan asılı olaraq kələmdə 15-20, turpda 10-15, soğanda və xiyarda 25-30, pomidorda 20-25 gün davam edir. Tərəvəz toxumları sorta və növə xas olan forma və rəng alır. Kələm və turpun buynuzmeyvələri yaşıl-boz rəng almağa toxumları qonurlaşmağa başlayır. Tam yetişən buynuzmeyvələri saralaraq quruyub açılır, tərkibində açıq mixəyi rəngli toxumlar görsənir. Soğan toxumları bərkiyir, qırışır, rəngləri sarı yaşıl olur. Sona yaxın meyvələr partlayır, toxumlar qara rəng alır. Pomidor meyvələri yetişmə mərhələsinin sonunda qızarmağa başlayır, toxumları sarı rəng alır (Şəkil 4.17).Xiyar meyvələrinin rəngi ağdan sarıya qədər dəyişilir.