4.5. Bitkilərin generativ orqanlar vasitəsi ilə çoxaldılması
Bitkilərin generativ orqanlar vasitəsi ilə çoxaldılması kütləvi bitki artırılmasında tətbiq edilən üsullardan biridir. Generativ bitki çoxaldılmasında əsasən bitkinin generativ orqanı olan toxum istifadə olunur. Bir çox bitkilərin inkişafı toxumdan başlanır. Toxum ana bitkinin növünə xas bütün xassələri daşıyan orqanizmdir. Ana bitkidən ayrılmış hər hansı bir toxum artıq müstəqil orqanizmdir. Onda kiçik kökcük (rüşeym kökcüyü), yarpaqcıqlar və kökcüklə yarpaqcıqları bir-birinə birləşdirən çox qısa zoğ hissəsi vardır. Bunlar birlikdə toxumun rüşeymini təşkil edir. Hər toxumda rüşeymin böyümə və inkişafı üçün lazım olan ilk ehtiyat qida maddələri vardır. Bu qida ehtiyatı rüşeymin ətrafında yerləşir və endosperm adlanır. Bəzən rüşeymin inkişafı üçün lazım olan ehtiyat maddələri endosperm əvəzinə rüşeymin öz hissələrində yerləşir. Belə hallarda endosperm inkişaf etmir. Toxumların bu xüsusiyyətlərinə görə, endospermli və endospermsiz olmaqla, iki qrupa bölünür. Endospermli toxumlara buğdanı, arpanı və s. göstərmək olar. Endospermsiz toxumlara isə noxud, lobya, paxla və s. kimi bitkiləri misal göstərmək olar.
Toxumla bitki çoxaldılmasında ana bitki daşıdığı bəzi xəstəliklərin yeni yetişdirilən bitkiyə sirayətlənməsi ehtimalı aşağı olur. Bunun üçün toxumdan yetişdirilmiş cavan bitki sağlam olur. Toxumla bitkilərin çoxaldılması ucuz və rahat üsul olmasına baxmayaraq toxumun yetkin bitki kimi bar verməsi üçün uzun müddət tələb olunur. Buna bir çox meyvə ağaclarının çoxaldılmasını göstərmək olar. Buna görədə bir çox meyvə ağacları vegetativ orqanlar vasitəsi ilə çoxaldılır.
Toxumla bir çox tərəvəz bitkiləri, dekorativ gül bitkiləri becərilməsi əlverişlidir. Toxumla bitkilərin çoxaldılması aşağıda göstərilmiş üstünlüklərə malikdir.
Toxumla bitki çoxaldılmasından alınmış cavan bitkilər şitil adlanır. Sağlam və güclü şitil isə keyfiyyətli və yüksək məhsuldar bitki deməkdir. Ona görə də toxumla bitki çoxaldılması üçün yüksək keyfiyyətli toxum materialı tətbiq edilməlidir. Keyfiyyətli və məhsuldar bitki yetişdirilməsində toxumun tədarükü, saxlanması və cücərdilməsi vacib şərtlərdən biridir.
4.6. Toxum tədarükü
Toxumlar meyvə ağacları üçün xüsusi toxumluq ana bağlardan, yaxud da meşələrdə yabanı ağaclardan meyvələr tam yetişmə vaxtı tədarük edilir. Tərəvəz bitkiləri üçün toxum tədarükü isə istixanalardan örtülü tərəvəz əkini sahələrindən tədarük edilir.
4.6.1. Meyvə tingliyi üçün toxum tədarükü
Meyvə tingliklərində calaqaltıların keyfiyyəti bilavasitə tədarük edilmiş toxumlardan çox asılıdır. Ona görə də hər il müxtəlif meyvə bitkilərindən ting istehsalı tapşırığına uyğun olaraq toxum tədarük edilməlidir. Toxumlar xüsusi toxumluq ana bağlardan və yaxud meşələrdə yabanı ağaclardan meyvələr tam yetişmə vaxtı tədarük edilməlidir.