Bu qədər müxtəlif növləri olan tərəvəz bitkilərinin biologiya və aqrotexnikasının, habelə istifadəsinin öyrənilməsini asanlaşdırmaq üçün onları müxtəlif xüsusiyyətlərinə görə qruplaşdırırlar.
Bitkilərin ən vacib qruplaşdırmaları onların botaniki fəsilələrə görə qruplaşdırılmasıdır. Bu bitkilərin öyrənilməsinin vacib botaniki üsulu olub, böyük nəzəri və praktiki əhəmiyyətə malikdir. Bitkiləri botaniki fəsilələrə əsasən çiçəyinin quruluşuna görə bölürlər. Lakin eyni fəsiləyə aid olan bitkilər təkcə yuxarıda qeyd edilən əlamətə görə yox, bir sıra bioloji xüsusiyyətinə, morfoloji quruluşuna, irsi xassələrin nəslə keçməsinin homoloji sırasına, habelə aqrotexniki xüsusiyyətlərinə görə də oxşarlığı nəzərə alınır və botaniki fəsiləni bilməkdə bütün bunlar haqqında müəyyənedici yığcam təsəvvür yaranır.
4.3.4. Tərəvəz bitkilərinin inkişafına görə qruplaşdırılması
Bu xüsusiyyətlərinə görə tərəvəz bitkiləri 3 qrupa bölünür.
Birillik bitkilər - pomidor, badımcan, bibər, xiyar, qarpız, yemiş, qabaq, lobya, qarğıdalı, paxla, noxud, şüyüd, gül kələmi, cin yarpaq kələmi, qırmızı turp, acıtərə, kahı, ispanaq, reyhan, keşniş və başqaları aiddir (Şəkil 4.14).
İkillik bitkilər - kəvər, salat, əsas kələm növləri, baş soğan, ağ turp, kərəviz, cəfəri, kök, çuğundur və başqaları daxildir. Bunlar cücərmədən yeni toxumların yetişməsinə qədər olan ömrünü iki ilin vegetasiya dövründə və bunların arasında bir payız-qış dövründə tamamlaya bilir (Şəkil 4.15).
Çoxillik bitkilər - xardal, batun soğanı, razyana, qulancar, əvəlik, quzuqulağı, nanə, tərxun və başqaları aiddir. Bunlar bir dəfə əkildikdə həmin yerdə 3-20 il məhsul verir, hər il payızda yerüstü hissə quruyur, kök sistemi isə ehtiyat qida, rütubət və tumurcuqlar saxlayıb yazda yenidən yerüstü hissə əmələ gətirir. Bu bölgü şərti olub əsasən şəraitdən asılıdır.