Çiçəyin yumurtalıq hüceyrələri mayalandıqdan sonra əmələ gəlmiş meyvədə və gilədə kasacıq aşağıda yerləşir. Bu qrupa gilas, albalı, ərik, şaftalı, alça, gavalı, göyəm, zoğal, çiyələk, moruq, incir, xirnik, limon, naringi, portağal və b. bitkilər daxildir.
Dişiciyin hər yumurtalığında bir və ya bir neçə yumurtacıq, hər yumurtacıqda isə bir yumurtalıq hüceyrəsi olur. Yumurtacıqdan toxum, yumurtalıqdan isə meyvə əmələ gəlir. Çiçək tumurcuğu açıldıqdan sonra əmələ gəlmiş çiçəklər müxtəlif formalı çiçək topası yaradır (Şəkil 4.9).
Çətir - çiçək topasında çiçək saplaqlarının hamısı eyni uzunluqda olur. Hər saplağın ucunda olan qönçə açılaraq birlikdə çətiri xatırladır. Belə çiçək topası sadə çətir adlanır. Bu qrupa alma, gilas, albalı. gavalı, zoğal aid edilir. Bir neçə belə sadə çətir tipi bir qısa ox üzərində düzülərək mürəkkəb çətir tipi yaradır. Başınağacı bitkisinin çiçək topası mürəkkəb çətirdir.
Sipər - əsas ox üzərində aşağıda yerləşən çiçək saplağı uzun, yuxarıda yerləşən çiçək saplağı isə qısa olmaqla çiçəklərin özləri eyni səviyyədə yerləşib qalxanı və ya sipəri xatırladır. Sipər sadə və mürəkkəb olur.
Sadə sipərdə hər saplaqda bir çiçək, mürəkkəb sipərdə isə hər saplaqda bir neçə çiçək olur. Armud, bəzi yemişan növləri sadə sipər, üvəz, aroniya (qara meyvəli üvəz) isə mürəkkəb sipər tipli çiçək topasına malikdir.
Salxım - bir ox üzərində aşağıdan yuxarıya doğru eyni uzunluqda olan çiçək saplaqları sıx yerləşir.
Əgər əsas ox üzərində çiçək saplaqları bir sırada düzülərsə belə çiçək topası sadə salxım (qarağat, zirinc, meşə gilası, adi albalı, mahaleb albalısı, firəng üzümü, zeytun), bir neçə sırada düzülərsə mürəkkəb salxım (üzüm, püstə, avokado, manqo, əsl xurma) adlanır.
Sünbül - saplaqsız çiçəklər oxun uzununa düzülərək sünbülə oxşar çiçək topası əmələ gətirir. Bu çiçək topası da sadə və mürəkkəb tipli olur. Şabalıd, yağlı palma və tutun çiçək topası sadə sünbüldür. Bəzi bitkilərdə (ananas) ox üzərində bir neçə sünbül çiçək qrupu yerləşir. Belə çiçək topası mürəkkəb sünbül adlanır.
Sırğa - bir ox üzərində sıx bitişmiş erkək çiçəklər yerləşir. Fındıq və qozun erkək çiçəkləri sırğa çiçək topası yaradır.
Dixaziy - simpodial budaqlanmaya malik çiçək saplaqlarından təşkil olunur. Bu çiçək topasının xüsusiyyəti ondan ibarətdir ki, əsas çiçək oxunun təpə tumurcuğunun altında qarşı- qarşıya yerləşmiş iki tumurcuqdan əmələ gəlmiş iki eyni tipli zoğlar güclü böyüyərək əsas çiçək oxundan daha uzun və gümrah olur. Əsas çiçək oxu qısa olub, onun ucunda bir çiçək yerləşir. Əsas oxun təpə tumurcuğunun altında iki qarşı-qarşıya yerləşmiş tumurcuğun hər birindən əmələ gəlmiş uzun zoğların ucunda təpə tumurcuq, onun altında isə qarşı-qarşıya yerləşmiş iki tumurcuq olur. Bu qayda ilə hər zoğ haçalanaraq yan zoğlar əmələ gətirir, onların da hər birinin ucunda bir çiçək yerləşir.
Süpürgə - mürəkkəb salxımvarı çiçək topası eyni zamanda süpürgə tipli çiçək adlanır. Bu bitkilərdə əsas oxun böyürlərində əmələ gəlmiş oxlar üzərində çiçəklər bir neçə sırada düzülür. Yapon əzgili bu tip çiçək topası yaradır.