Boy tumurcuğu güclü boy zoğu verir. Generativ tumurcuq vegetativ tumurcuqla müqayisədə iri, şişkin və ucu küt olmaqla, budağa bir qədər böyük bucaq altında birləşir. En kəsimində çiçək topası, yumurtalıq, erkəkcik və dişicik aydın görünür. Generativ tumurcuq da iki tipdə olur:
Vegetativ və generativ tumurcuqlardan başqa meyvə bitkilərində əlavə (adventiv və ya provizor) tumurcuq da mövcuddur. Bu tumurcuq həm əsas tumurcuğun yanında qabıq altında və həmçinin bitkinin müxtəlif hissələrində (buğum, gövdə, kök, yarpaq və s.) rast olunur (Şəkil 4.7). Açıldıqda əlavə zoğ və ya əlavə kök yaradır.
4.3. Bitkilərin generativ orqanları
Generativ orqanlar bitki həyatında əsasən nəsil artırmaq funksiyası daşıyır. Bitkinin çiçəyi, meyvəsi, və toxumu bu qrupa daxil edilir.
4.3.1. Çiçəyin quruluşu
Çiçək generativ orqandır - çiçək zoğa və ya budağa çiçək saplağı ilə birləşir. Çiçəyin saplağa birləşdiyi yer çiçək yatağı adlanır. Çiçək yatağından kasa yarpaqları ayrılır ki, bunlara birlikdə kasacıq deyilir. Ləçəklərin cəmi tac adlanır. Tacla kasacıq birlikdə çiçək yanlığı adlanır. Çiçəyin ortasında dişicik yerləşir. Dişicik ağızcıqdan, sütuncuqdan və yumurtalıqdan ibarətdir (Şəkil 4.8). Yumurtalıq iki tipdə olur:
Aşağı yumurtalıqlı çiçək-yumurtalıq çiçək yatağının daxilində yerləşir. Yumurtalıq mayalandıqdan sonra əmələ gəlmiş meyvənin təpəsində, kasacığın içərisində erkəkcik və dişicik, aşağıda isə meyvə yanlığı yerləşir. Alma, armud, heyva, əzgil, yemişan, feyxoa, nar, yapon əzgili və b. bitkilərdə çiçək aşağı yumurtalıqlıdır.