Yarpaqlarda damarlanmanın növləri də buna müvafiq olaraq adlandırılır. Birləpəli bitkilərdə (buğda, çovdar, arpa, qarğıdalı, soğan, zanbaq və s.) yarpaqlar paralel damarlıdır. İnciçiçəyi və bağayarpağının yarpaqlarında damarlar qövsşəkilli, ikiləpəli bitkilərdə (alma, armud, palıd və s) isə torşəkillidir (Şəkil 4.5).
Yarpaq - bitkinin vegetativ orqanı olub ayanın quruluşuna görə müxtəlif tiplərə ayrılır.
Sadə yarpaq - bir saplaq üzərində bir aya olan yarpaq tipidir. Belə yarpaqlar saplaqla bərabər tökülür. Alma, armud, heyva, əzgil, ərik, şaftalı, xirnik, limon, naringi və s. kimi meyvə bitkilərinin yarpaqları sadə yarpaqdır.
Mürəkkəb yarpaq - bir saplaq üzərində bir neçə yarpaq ayası əsas saplağa xırda saplaqla birləşir. Xəzan zamanı hər yarpaq ayası əsas saplaqdan qopub tökülür. Mürəkkəb yarpaq saplağında 3-9 ədəd, bəzən isə daha çox yarpaq ayası olur. Formasına görə belə yarpaqlar lələkvari, barmaqvari və s. formada ola bilir. Qoz, pekan, fındıq, püstə, çiyələk, moruq, böyürtkən mürəkkəb yarpaqlıdır. Yarpaq, ayadan və yarpaq saplağından ibarətdir. Yarpaq ayası enli və yastılaşmış hissə olub saplaq vasitəsilə zoğa birləşir. Sadə yarpaqların aşağı hissəsi yarpaq əsası adlanır. Bir sıra meyvə bitkilərində yarpaq əsasının saplağa birləşdiyi yerdə yarpaq yanlığı olur. Belə yarpaqlar tam yarpaq adlanır. Saplaqda yarpaq yanlığı yoxdursa belə yarpaqlar saplaqlı, saplaq yoxdursa oturaq yarpaq adlanır. Yarpaq ayası müxtəlif formalı olur.
4.2.4. Tumurcuq
Vegetasiya dövründə yarpaq qoltuğunda olan göz formalaşaraq tumurcuğa çevrilir. Bu baxımdan göz və tumurcuq anlayışları bir-birindən fərqlənir. Göz - yarpaq qoltuğunda yerləşib, hələ formalaşmamış tumurcuqdur. Tumurcuq formalaşmış gözdür. Başqa sözlə zoğ üzərində olan göz tam formalaşdıqda tumurcuq adlanır. Tumurcuqlar oyandıqda həm vegetativ, həm də generativ orqan (bəzən ikisi bir yerdə) yaradır. Bu baxımdan tumurcuq inkişaf etməmiş vegetativ və ya generativ orqan da adlana bilər.
Tumurcuqlar orqan əmələgətirmə xarakterinə görə iki tipdə olur (Şəkil 4.6).
Vegetativ tumurcuq - nisbətən xırda, ucu sivri, budağa sıx birləşmiş olur. En kəsimində zoğ və yarpaq başlanğıcı aydın görünür.
Vegetativ tumurcuq iki tipdə olur: