4.2.2. Gövdə
Bitkinin ən mühüm vegetativ orqanlarından biri gövdədir. Yerləşdiyi mühitdən asılı olmayaraq üzərində normal və ya şəkil dəyişmiş yarpaq və tumurcuqlar yerləşən bitki orqanına gövdə deyilir. Əsas funksiyası bitkilərin digər orqanları arasında əlaqə yaratmaqdır. Gövdənin yarpaqla örtülü cavan hissəsinə zoğ deyilir. Yarpağın zoğa birləşdiyi yer buğum, zoğun iki qonşu buğumu arasındakı hissəsi isə buğumarası adlanır.
Yerüstü gövdələr öz istiqamətlərinə görə bir neçə qrupa bölünür. Bunlar sxematik olaraq Şəkil 4.4-də əks olunub.
Dikduran gövdələr: dayağa söykənməyib müstəqil olaraq dik qalxır. Məsələn, ağaclar, taxıllar və s.
Sarmaşan gövdələr: dayağa sarmaşıb yuxarı qalxırlar. Məsələn, lobya, maya sarmaşığı və s.
Dırmaşan gövdələr: dayağa tutub yuxarı qalxırlar. Məsələn, daş sarmaşığı və s.
Sarmaşan və dırmaşan gövdəli bitkilərə lianalar deyilir. Sərilən gövdələrdən fərqli olaraq sürünən gövdələr torpaqla təmas edən buğumlarından torpağa kök atırlar.
Sürünən gövdələr: böyüyəndə yer ilə sürünürlər. Məsələn, çəmənçayı, qaytarma, çiyələk və s.
Sərilən gövdələr: böyüyəndə yerə sərilir. Məsələn xiyar, qovun, qabaq və s.
4.2.3. Yarpaq
Bitkinin ən mühüm orqanı yarpaqdır. Heç bir bitki orqanı, yarpaq qədər çox vəzifə daşımır. Yarpaq, aya və saplaqdan ibarətdir. Yarpağın ayası müxtəlif bitkilərdə müxtəlif şəkildə olur. Yarpağın ikinci hissəsi olan saplaq, yarpaq ayasını zoğa birləşdirir. Saplaq yarpaq ayasını günəş şüalarına doğru yönəldir. Saplaqsız yarpağa oturaq yarpaq deyilir. Yarpaq ayaları bir-birindən formalarına və kənarlarına görə də fərqlənir. Yarpaq ayasında gözə çarpan mühüm hissələrdən biri də yarpağın damarlarıdır. Damarlarla su və suda həll olmuş qida maddələri hərəkət edir. Bitkilərin yarpaqlarında damarlar paralel, qövsşəkilli və yaxud torvari olur.