4.2. Bitkilərin vegetativ orqanları
Vegetativ orqanlar bitki üçün həyati vacib orqanlar olmaqla bitkinin mövcudluğunu təmin edir. Bu qrup orqanlara bitkinin kökü, gövdəsi və yarpaqları daxil edilir.
4.2.1. Kök
Kök ali bitkilərin vegetativ orqanlarından biridir. Kökün vəzifəsi bitkini torpağa bərkitmək, onu şaquli vəziyyətdə saxlamaq, torpaqdan suyu və suda həll olmuş mineral duzları almaq, həmin maddələri bitkinin digər orqanlarına ötürmək və qidalı maddələri özündə toplamaqdan ibarətdir. Bitkinin torpaqda yerləşən hissəsidir. O bitkini torpaqda olan mineral qida maddələri ilə təmin edir və onu yaşadığı torpağa hərəkətsiz bərkidir. Bəzən şəraitdən asılı olaraq yerüstü köklərdə əmələ gəlir. Bir çox hallarda kök, ehtiyat qida maddələri toplanan orqana da çevrilir. Çuğundur, turp, yerkökü, kimi kök meyvəsi olan bitkilər meyvə kökləri adlanır. Bitkinin kökü bitki növündən asılı olaraq torpağın dərinliyinə doğru uzanır, yan tərəflərə şaxələnib, qollar ayırır. Torpağın müəyyən qatını tor kimi əhatə edir (Şəkil 4.2). Bitkilərin kök sistemlərinin Şəkil 4.3.-də təsvir olunmuş formaları vardır:
1. Mil kök sistemi;
2. Saçaqlı kök sistemi;
3. Ağac bitkilərinin mil kökü;
4. Saçaqlanmış əlavə kök sistemi;
5. Yan kök sistemi.
Bitki kökünün aşağıdakı növləri vardır:
Əsas kök - rüşeym kökcüyündən inkişaf etmiş kökə deyilir. Məsələn, pambıq, qarayonca, ağac bitkilərinin də mil kök sistemi olur.
Saçaqlı kök bitkinin digər vegetativ orqanlarından (gövdə, yarpaq) inkişaf etmiş kökə deyilir. Məsələn, taxıl bitkilərində, soğan, sarımsaq.