4. Bitkilərin çoxalması
Bitkilər bütün canlı aləmin digər nümayəndələri kimi müəyyən inkişaf mərhələləri keçdikdən sonra çoxalaraq öz növünə oxşar fərdlər əmələ gətirir. Çoxalma canlı orqanizmlərdə məhdud bir proses deyil. O, orqanizmdə hər zaman davam edən maddələr mübadiləsinin gedişi ilə sıx surətdə əlaqədardır. Orqanizm yaşayışını davam etdirdikcə, onda davam edən mürəkkəb və müxtəlif istiqamətli maddələr mübadiləsi onun böyüməsinə və müxtəlif keyfiyyət dəyişkənliklərinə uğramasına yardım edir.
4.1. Bitkilərin vegetativ və generativ orqanları
Çoxalma prosesi bütün canlılarda olduğu kimi, bitkilərdə də orqanizmdə baş verən müəyyən dəyişkənliklərlə əlaqədar surətdə başlanır. Bitkilər canlı orqanizm olmaqla müxtəlif orqanlardan təşkil olunur. Hər hansı bir funksiyasını yerinə yetirən hissəsinə bitkinin orqan deyilir. Kök, gövdə, yarpaq, çiçək, toxum və meyvə çiçəkli bitkilərin orqanlarıdır. Bu orqanlar bitki orqanizmində konkret funksiya (vəzifə) yerinə yetirir. Bunun sayəsindədə həmin orqan daşıdığı vəzifəyə görə formalaşmış olur. İstər torpaq, istərsə də hava, digər amillərlə yanaşı olaraq, bitki orqanizminə ikitərəfli təsir göstərir. Orqanizmin ayrı-ayrı hissələrinin bir-birindən kəskin surətdə fərqlənən amillərin təsirinə məruz qalması, maddələr mübadiləsinin gedişində həmin hissələrin quruluşca müxtəlifliyinə səbəb olmuşdur. Beləliklə, bitkidə müxtəlif quruluşlu orqanlar əmələ gəlmişdir. Həmin orqanlar bitkinin yaşayışı prosesində bir-biri ilə qarşılıqlı surətdə əlaqədardır və bir-birindən asılıdır. Bir çox bitkilər yaşayış şəraitinə uyğunlaşması prosesində vegetativ və generativ olmaqla iki qrup orqan əmələ gətirir. Bu orqanlar vegetativ və generativ orqanlar adlanır. Şəkil 4.1-də meyvə ağacının əsas hissələri təsvir edilmişdir.
A. Yerüstü hissə:
1. Gövdə;
2. Kök boğazı;
3. Ştamp;
4. Şah budaq;
5. Birinci sıra skelet budaqlar;
6. İkinci sıra skelet budaqlar;
7. Üçüncü sıra skelet budaqlar;
8. Meyvə budaqcıqları.
B. Kök sistemi:
1. Mil kök;
2. Skelet köklər;
3. Yarım skelet köklər;
4. Üfüqi köklər;
5. Şaquli köklər;
6. Saçaqlı köklər