Şitil kublarında bitkinin şitillərinin kökü şitil kubunun alt tərəfindən çıxandan sonra şitil kubları ilə birlikdə mat üzərinə yerləşdirilirlər. Toxumdan şitil alınmasını sadə təcrübə ilə müşahidə edək. Bunun üçün şəffaf plastik stəkanlar götürüb üzərini nömrələyək. Hər bir stəkanın dibindən 3 millimetr diametrində 2-3 oyuq açaq. Bir nömrəli plastik stəkanların içərisinə toxum torf və kokos qabığından hazırlanmış tablet yerləşdirək. İki nömrəli stəkana mineral tərkibli toxum konusu yerləşdirək. Üç nömrəli stəkana isə bir qədər çəmən torpağı (yarım stəkan), 100 qram çay qumu qatıb qarışdıraq toxum substratlarını suvardıqdan sonra onlara toxum əkək. Stəkanları otaq temperaturunda saxlayaq. Substratlardakı toxumlar bir neçə gündən sonra cücərərək inkişaf etməyə başlayacaqlar. Lakin güclü kök sistemi formalaşdırdıqdan sonra mineral tərkibli toxum konusundakı bitki tədricən inkişafdan qalacaq. Bu onun üçündür ki, mineral substrat tərkibində bitki üçün qida maddələri mövcud deyil. Buna görədə bitki inkişafdan qalır. Digər substrat tərkiblərində qida maddələri ehtiyatı sayəsində toxumdan çıxmış cücərtilər inkişafını davam etdirəcək. Bundan sonra hər bir substratda cücərdilmiş toxumları substrat qarışıq plastik stəkanlardan çıxarıb iki litr həcmli plastik dibçəklərə əkək. Hər bir dibçəyə qabaqcadan 1 kiloqram çəmən torpağına 100 qram üyüdülmüş ağac qabığı, 100 qram çay qumu qatışığı tökülür. Cücərtilər üçün hər bir dibçəkdəki substratda oyuqlar açdıqdan sonra onları həmin oyuqlara yerləşdirək. Bundan sonra suvarma aparaq. Bir neçə gündən sonra dibçəklərdəki bitkilər sürətlə inkişaf etməyə başlayacaq (Şəkil 3.25). Hətta mineral tərkibli toxum substratında zəifləmiş bitki belə yenidən inkişafını davam etdirməyə başlayır. Bundan belə qənaətə gəlmək olar ki, bitki inkişafı üçün münbit substrat qarışığı vacib amildir.