3.3.3. Toxumdan şitilin alınması
Bir çox tərəvəz bitkiləri istixana əkinlərində şitillərdən becərilir. Şitil alınması üçün keyfiyyətli toxumla birlikdə həm də toxumun cücərdilməsi üçün ona lazım olan şəraitin tam şəkildə təmin olunması çox vacibdir. Şitil nə qədər sağlam, güclü yerüstü və yeraltı orqanlara malik formalaşmış olarsa, ondan inkişaf edən bitki bir o qədər sağlam və məhsuldar olar. Şitilin yetişdirilməsi üçün yaradılmış torpaq, hava və su şəraiti yüksək təminatlı olmalıdır. İstixana əkinlərində son dövrlər şitil yetişdirilməsi üçün müxtəlif toxum və şitil substratlarından istifadə olunur. Bunlara torf və ya kokos qabığından hazırlanmış toxum tabletləri və mineral liflərdən kəsilmiş toxum konusları aiddir. Toxum tabletləri müxtəlif ölçülü olub hazır formada satılır (Şəkil 3.22 və Şəkil 3.23). Kokos və torf qarışıqlı toxum tabletləri toxum yetişdirilməsi üçün daha əlverişli hesab olunur. Torf və kokos qabığı qarışıqlı bu tabletlərin tərkibi bitki cücərtiləri üçün qida maddələri ilə zənginləşdirilmiş hazır formada olur. Toxum kokos və ya torf kokos qarışıqlı substratlara əkilmədən qabaq toxum tabletləri suvarılır (Şəkil 3.24). Suvarılmadan sonra toxum tabletləri qabararaq öz həcmlərini dəyişirlər. Bundan sonra toxum, toxum tabletinin mərkəzinə əkilir. Mineral lifdən hazırlanmış toxum konusları isə suvarıldıqda həcmlərini dəyişmir. Bunlar suyu özünə hopdurduqdan sonra toxum əkilir (Sxem 3.1). Toxum toxum kubları və toxum konuslarında cücərdildikdən sonra onları şitil kublarına keçirirlər. Şitil kubları ya mineral liflərdən ya da kokos qabığı və torf qarışığından hazırlanır. Polietilen örtüklə örtülü olur. Əkindən qabaq substratın alt və üst örtükləri açılır. Üst tərəfdə ya toxum tableti, ya da toxum konusu üçün istehsalçı tərəfindən açılmış yuvacıq vardır. Toxum tabletində və ya konusunda cücərdilmiş bitki substratla birlikdə asanlıqla həmin yuvacığa yerləşdirilir. Şitil kublarına bitki üçün yüksək qida tərkibli məhlul verilir. Bu mühitdə bitki güclü kök sistemi formalaşdırana qədər qalır.