3.3.2. Substrat komponentlərindən hazırlanmış sınaq əkinləri üçün substrat
Hazır substrat komponentləri əsasən mineral və kokos qabığından və torf tərkibli komponentlərdən hazırlanır. Bu komponentlər ya ayrı ayrılıqda ya da qarışıq şəkildə substrat hazırlanmasında tətbiq edilir (Şəkil 3.17). Hazır substrat qarışıqların tərkibinə daxil olan komponentlər becəriləcək bitki növündən və bitkinin becərilmə şəraitindən, bu bitki üçün qida maddələri tərkibindən asılı olaraq hazırlanır. Məsələn kiçik bir təcrübə aparaq:
Üç plastik stəkan götürək və bu stəkanların dibindən 2-3 oyuq açıb nömrələyək. Birinci stəkana yalnız torf, ikincisinə kokos qabığından hazırlanmış mat substratindan bir qədər qarışıq fraksiyalarla kokos qabığı dolduraq. Üçüncüsünə mineral mat substratından bir qədər mineral lif kəsib götürüb stəkanın yarısına qədər dolduraq və bu stəkanın qalan yarısına torf əlavə edək və hər bir stəkanda bir ədəd xiyar toxumu əkib suvaraq. Stəkanlardakı bitki toxumlarını günaşırı suvararaq, otaq şəraitində, pəncərə kənarında saxlayaq. Bir neçə gündən sonra hər bir stəkanda toxumdan cücərmiş bitkilər müşahidə ediləcək (Şəkil 3.18). Bir neçə gün keçdikdən sonra kokos və mineral tərkibli stəkanlarda xiyar bitkisinin yeni əmələ gəlmiş yarpaqları soluxmağa başlayacaq. Torf üzərində əkilmiş xiyar toxumundan yetişən bitki isə
inkişafını davam etdirəcək. Bundan belə qənaətə gəlmək olar ki, torf tərkibində, bitki üçün qida maddələri vardır. Bunun sayəsində bitki öz orqanlarını formalaşdırmağa başlayır. Mineral tərkibli və kokos tərkibli dibçəklərdə toxum cücərti versə də substratda qida maddələri çatışmazlığından bitki inkişafı dayanır.
Substrata bitki üçün qida maddələri verildikdən sonra kokos qabığı (2) və mineral lif (3) tərkibli substratdakı bitkilərin inkişafı güclənir. Torf qarışıqlı (1) bitkinin inkişafı ləngiyir (Şəkil 3.19).
Mineral tərkibli və kokos tərkibli stəkanlara gübrə qarışıqlı məhlullar tökməklə təcrübəni davam etdirək. Gün ərzində hər 15 dəqiqədən bir bitki altına verilmiş qida maddələri ilə qatılmış sudan sonra mineral tərkibli və kokos tərkibli dibçəklərdə bitkilərin yenidən canlanması və sürətlə inkişaf etməsi müşahidə ediləcək. Hətta bu böyümə torf üzərində becərilmiş bitkinin inkişafını keçərək daha güclü yerüstü orqanlar formalaşdıracaq. Bundan belə nəticəyə gəlmək olar ki, mineral və kokos tərkibli stəkanlarda bitkilərin kök sistemi substrat tərkibindəki qida maddələri və su ilə birlikdə həmdə substratın məsaməliliyi sayəsində güclü kök sistemi formalaşdırmış olur. Məsaməli substrat tərkibində hava toplandığından bitkinin kökü hava ilə tam təmin olunur. Torf doldurulmuş stəkanda isə məsaməlilik get-gedə azaldığından bitki kökü lazımi qədər hava ilə təmin oluna bilmədiyindən inkişafdan tədricən qalır.