3.3.1. Hazır substratlarda gündəlik ölçmələr
Hazır substratlarda əkilmiş bitkilərə su və suda həll olunmuş qida maddələri verilir. Bu hər gün müəyyən proqram əsasında həyata keçirilir. Hazır substratlarda su və suda həll olmuş mineralların səviyyəsi gündəlik aparılan bəzi ölçmələr sayəsində müəyyən edilir. Bu ölçmələrin hər gün aparılması sayəsində substrat tərkibində duzların əmələ gəlməsi, mineral qida maddələrinin bitki tərəfindən mənimsənilmə səviyyəsi təyin edilir. Substrat tərkibində əsas ölçmələrdən biri mühitin pH səviyyəsi və elektrik keçiriciliyidir. Mühitin pH səviyyəsi bundan qabaqkı mövzularda göstərilmiş qaydada həyata keçirilir. Substratın elektrik keçiriciliyi substrata verilən su və suda həll edilmiş qida maddələrinin substratda toplanması səviyyəsini müəyyən etmək üçün aparılır. Bunu konduktivit adlı cihazla müəyyən edirlər (Şəkil 3.15). Bu cihazın ölçü vahidi milli simensdir və EC ilə işarə olunur. Hazır substrat tərkibindəki elektrik keçiriciliyi bir kub santimetrdə 2,5 milli simensdən 7,8 milli simensə qədər olur. Konduktivit cihazı ilə substratın elektrik keçiricilik göstəricisini müəyyən etmək üçün cihazın şubunu substrata daxil edib bir dəqiqə gözləmək lazımdır (Şəkil 3.16). Bir dəqiqədən sonra cihazın maye kristallik ekranında mühitin elektrik keçiricilik göstəricisi əks olunacaq. Hər substratda gündə bir dəfə lazım gələrsə 2-3 təkrarda ölçmələr aparılır. Aparılmış ölçmələr ölçən şəxs tərəfindən dəftərə qeyd olunur. Yeni salınmış hazır substratlarda ilk yumada drenaj kanalları açıldıqdan sonra suyun tərkibinin pH göstəricisi 5,0 və EC göstəricisi bir kub santimetr məhlulda 6,0 milli simens olur. Hazır substratda bu göstərici tədricən substrat yuyulma məhlulları ilə pH səviyyəsi 5,5-ə, EC göstəricisi isə bir kub santimetrdə 1,5 milli simensə qədər yuyulur.