Duzların toplanmasından bitkinin kök sistemi zəif hava alır, inkişafdan geri qalır. Bu da özünü bitkinin məhsuldarlığında büruzə verilir. Məhsulun keyfiyyəti və məhsuldarlıq göstəriciləri aşağı düşür.
Yuxarıda qeyd olunan bir sıra üstünlüklərlə birlikdə kokos substratlarının bəzi çatışmazlıqları da vardır. Bunlardan biri tərkibində bitki üçün zərərli olan okean duzunun olmasıdır. Hindistan cəvizi bitkisi okean sahillərində yetişdiyindən qabıq tərkibində okean suyunun duzu toplanmış olur. Hətta bəzi istehsalçılar kokosun qabıqlarını emal etməzdən qabaq okean suyunda yuduqdan sonra qurudub emal edirlər. Bunun üçün yeni alınmış mat, şitil kubları əvvəlcədən təmiz su ilə yuyulmalıdır ki, substratın tərkibindəki duzlar axıb getsin. Bundan sonra substratın pH göstəricisi götürülməlidir. pH göstərici ilə substrat tərkibindəki duzların təyini üçün substrat tərkibindəki mayenin elektrik keçiricilik səviyyəsində ölçülməlidir. Bu ölçülər bitki əkini üçün optimal göstəricilər verdikdən sonra substrata bitki əkilməlidir.
Bununla birlikdə bu cür substrat əkinlərində bitki altındakı substrat bitkinin vegetasiyası boyunca hər gün pH səviyyəsi, məhlulun elektrik keçiriciliyi (Elektrik keçiriciliyi vahidi - EC) ölçülməlidir (EC - Elektro conuktiviti). Bu ölçmələr nəticəsində substrata verilən məhlulun qatılığı və tərkibinə uyğun gündəlik norma təyin edilir.
Kokos tərkibli hazır substrat mat və şitil kubları müxtəlif ölçülərdə istehsal olunur (Şəkil 3.11). Bu substratların standart istehsalçı ölçüləri 1000 millimetr uzunluğunda 200 millimetr enində və 100 millimetr hündürlüyündə olur. Bu ölçülərdə olan matın 70 faiz su ilə tam təmin edilməsi üçün 14 litrdən 20 litrə qədər su vermək lazımdır. Su fasilələrlə verilməlidir. Kokos mat substratının su hopdurma qabiliyyəti yüksək olur (Şəkil 3.12). Buna görə də fasilələrlə su verilməsi zamanı substratın tam su hopdurması üçün şərait yaranır. Çiyələk əkinlərində istifadə olunana hazır substrat tərkibindəki kokos çipsləri və kokos torfu hər biri 50 faiz nisbəti ilə qarışdırılmış olur (Şəkil 3.13).