2.3.5. İonitoponika
İonitoponika müxtəlif duz ionlarının suyun təsirindən dəyişməsi və bitki üçün lazım olan qida maddələrinin bitkiyə ion dəyişməsi ilə çatdırılması metodu ilə əkin sistemidir. Bu becərmə sistemi hələ tədqiqat səviyyəsində bəzi ölkələrdə öyrənilir. Əsasən, kosmik qurğularda tətbiq edilir. Bu cür becərmə üsulunda süni torpaq yaradılması və torpaq tərkibindəki qida maddələrinin bitkiyə ötürülməsi prinsipi ilə işləyir. Təsərrüfatlarda hələ ki, az istifadə olunur.
2.4. Örtülü sahələrdə becərilən bitki qrupları
Örtülü sahələrdə bir çox bitki növləri yetişdirmək mümkündür. Bunun üçün hansı substrat komponentində əkin aparılacağını, hansı növ bitki becəriləcəyini və s. qabaqcadan müəyyənləşdirmək lazımdır. Əgər yerli torpaq substratında əkin aparılacaqsa, mütləq əkin dövriyyəsinə diqqət etmək lazımdır. Yox, əgər hazır substratlarda əkin aparılacaqsa, bu zaman hansı növ bitki əkilməsi qabaqcadan müəyyənləşdirilir.
Yerli torpaq substratlarında bir çox tərəvəz bitkiləri becərmək mümkündür. Lakin bunun üçün əkin dövriyyəsini gözləmək lazımdır. Məsələn, əgər pomidor bitkisi əkinindən sonra yenə pomidor bitkisi becərilərsə, bu zaman torpaq tərkibində müxtəlif zərərli həşərat və xəstəliklərin yayılması ehtimalı yüksəlir (Şəkil 2.33). Baxmayaraq ki, əkin zamanı müxtəlif dərman preparatlarından istifadə olunub, həmin substrat tərkibində mütləq ya xəstəlik törədicisi, ya da zərərli həşərat qalır. Pomidor bitkisi isə bir çox xəstəlik və zərərvericilər üçün çox həssas bitkidir. Bunun üçün pomidor bitkisindən sonra müxtəlif göyərtilər, nanə, zirə, razyana, mərzə, acıtərə, kahı, şüyüd, ispanaq, keşniş kimi bitkilərin becərilməsi daha məqsədəuyğundur. Bu bitkilər vegetasiyalarının qısalığına görə çox əlverişli hesab olunur (Şəkil 2.34). Yerli torpaq substratında giləmeyvə bitkilərindən olan çiyələk, moruq kimi bitki yetişdirilməsi də mümkündür. Bu cür torpaqlarda çiyələk və moruq yetişdirilməsi ölkəmizdə çox geniş yayılmışdır (Şəkil 2.35).