2.3.3. Xemoponika
Torpaq qarışığında əkin üsuluna bənzəyir. Substrat kimi 30 faiz çürümüş torf, sfaqnum mamırı, ağac qabığı, ağac yonqarı və s. kimi elementlərdən istifadə olunur (Şəkil 2.30). Bu cür substratlarda 1-2 il müddətinə qədər əkin aparmaq mümkündür. Bu tərkiblərin bəziləri istifadədən qabaq üyüdülməli sterilləşdirilməlidir. Xemoponik becərmədə bitki üçün qida maddələri qarışığı çiləmə vasitəsi ilə bitkiyə verilir. Bu üsulla da əkin aparmaq üçün xüsusi ixtisaslaşmış texnika və avadanlığa ehtiyac olmur. Kiçik həcmli istixanalarda istifadə etmək üçün uyğundur. Son zamanlar xemoponik becərmədə substrat olaraq hindistan cəvizinin xırdalanmış qabığından istifadə edilməyə başlanmışdır. Buna səbəb həmin substratın öz sabit quruluşunu uzun müddət saxlamasıdır. Bu cür substratlarda əkin 3-4 il aparıla bilər.
2.3.4. Aeroponika
Bu metodla bitki yetişdirilməsi maye mühitində yetişdirmədən daha səmərəli hesab olunur (Şəkil 2.31). Aeroponik becərmədə bitkinin kök sistemi havada qalaraq yalnız hər 12-15 dəqiqədən bir 5-7 saniyə müddətində aerozol forsunkalarından suda həll olmuş qida maddələri bitkinin kökünə kiçik damlalar şəklində çilənir. Bununla bitkinin kök sistemi həm lazımi qədər hava və qida maddələri ilə təmin olunmuş olur. Bunun digər becərmə sistemlərindən bir çox üstünlükləri vardır. Bu sistemdə müxtəlif növ substrat alınmasına ehtiyac yoxdur. Lakin bu metodla əkin zamanı onu nəzərə almaq lazımdır ki, bu sistemlə bitki bəslənməsi arası kəsilmədən bitkilərin kök sisteminə qida maddələri və su verilməsi davam etməlidir. Bitki kök sisteminə 30 dəqiqədən artıq rütubət və qida maddələri verilməsi gecikər və ya dayandırılarsa, bitki dərhal soluxub qurumağa başlayacaq. Eləcə də bu cür becərmə üsulu kiçik həcmli bitkilərin (kahı, müxtəlif göyərtilər, kiçik dekorativ otaq gülləri) becərilməsi üçün məqsədəuyğundur (Şəkil 2.32).