Mat hazır substratları - son zamanlar ən geniş yayılmış örtülü sahə becərmə üsulunda tətbiq edilən vasitələrdən biridir (Şəkil 2.25). Bu substratlar müxtəlif tərkibdə istehsal edilir. Substratlar torf, xırdalanmış hindistan cəvizi qabığı və dağ minerallarından alınmış mineral liflərdən ibarət olur. Bir çox hallarda üyüdülmüş hindistan cəvizi qabığı və torf qarışıq halda istehsal olunur. Hər bir substrat müəyyən ölçülü polietilen kisələrdə qablaşdırılmış şəkildə istifadə olunur.
Torf mat substratları - bu substratlar sfaqnum (ağ torf) torf yataqlarının üst təbəqəsindən toplanmış torfun emalından hazırlanır. Torf 20-25 faizə qədər qurudulduqdan sonra üyüdülərək 10 millimetr diametrdən başlayan ölçülərə qədər xırdalanır. Presləndikdən sonra ya polietilen kisələrdə mat formasında doldurulur, ya da açıq şəkildə istifadəyə təqdim edilir. Bir çox tərəvəz bitkiləri, giləmeyvə bitkiləri və s. becərilməsi üçün uyğundur (Şəkil 2.26 və Şəkil 2.27).
Hindistan cəvizi qabığı və ya kokos mat substratları - bu substratlarda əkindən çox geniş istifadə olunur. Kokos mat tərkibi hindistan cəvizi qabığından alınmış liflərdən ibarət olur (Şəkil 2.28). İstifadə olunmuş kokos qozu qabığı müxtəlif fraksiyalarla üyüdülərək polietilen kisələrə doldurulub istifadəyə təqdim edilir. Kokos substratları tərəvəz, giləmeyvə bitkiləri və s. becərilməsi üçün əlverişlidir. Torf substratlarından fərqli olaraq kokos substratları daha uzun müddət istifadəyə yararlılığını saxlaya bilir. Bitki kök sistemi bu cür substratlarda güclü inkişaf edir. Su ilə birlikdə bitki altına damcı suvarma ilə birgə verilmiş gübrələrə qarşı davamlı olur, bitki kök sistemi üçün özündə rütubəti uzun müddət hopduraraq saxlaya bilir. İstehsalçı göstəricilərinə əməl edilərək istifadə olunarsa, 5-6 il müddətində öz keyfiyyətini saxlayır.
Mineral liflərdən hazırlanmış mat substratları - dağ minerallarının (bazalt, profirit, diabaz, dolmit kimi dağ minerallarının) yüksək temperaturda əridilməsindən alınan liflərdən ibarət olur (Şəkil 2.29). Tam sterildir. Bitki üçün qidalandırıcı effektə malik deyil. Bitki kök sistemi bu cür substratlarda güclü inkişaf edir. Bitki altına damcı suvarma ilə birgə verilmiş gübrələrə qarşı davamlı olur. Bitki kök sistemi üçün özündə rütubəti uzun müddət hopduraraq saxlaya bilir. Öz keyfiyyətini 2-3 il müddətinə qədər saxlayır. Bir çox bitki əkinlərində geniş tətbiq edilir.