Torf oksidantı xüsusi fizioloji aktivliyə malik torf qarışığıdır ki, bunun da nəticəsində bitkilərin kök sistemi güclü inkişaf edir, yerüstü hissədə maddələr mübadiləsi, tənəffüs və digər bitkinin inkişaf prosesləri sürətlənir, bitkilərin ətraf mühitin stress təsirinə davamlılığı artır. Belə substratlar mata adlanır. Bitki şitilləri toxumdan yetişdirildikdən sonra polietilen örtüklü substratlara keçirilərək becərilir. Becərilmə müddəti ərzində damcı suvarma sistemi ilə suvarma tətbiq edilir. Su ilə substrat bitki əkinləri altına bitki qida maddələri qarışdırılaraq verilir. Bitki altına verilən qida maddələrinin tərkibi ya hazır şəkildə bitki növünə uyğun, ya da təsərrüfatda hazırlanır. Xüsusi çənlərə doldurularaq sistemli şəkildə avtomatik olaraq bitki altına damcı üsulu ilə verilir. Bitkilərin hazır substratlarda yetişdirilməsi Şəkil 2.20-də göstərilmiş ardıcıllıqla aparılır.
1. Bitki toxumları toxum kasetlərində (Şəkil 2.21) xüsusi substrat qarışığında əkilir. Bu cür kasetlərdə tərkibində torf, çəmən torpağına qarışdırılmış peyin və müxtəlif gübrə qarışıqları ilə zənginləşdirilmiş toxum tabletləri yerləşdirilmiş olur (Şəkil 2.22 və Şəkil 2.23). Toxum həmin tabletlərə əkilir.
2. Toxum kasetlərində yetişdirilmiş toxumdan əmələ gələn şitil kub substratlara (Şəkil 2.24) keçirilir. Kub substratlarında cücərmiş bitkinin kök sisteminin güclü inkişaf etməsi üçün gübrə qarışıqları ilə bəslənir.
3. Güclü inkişaf etmiş kök sisteminə malik bitki şitili kub substratı ilə birlikdə mat üzərinə keçirilir (Şəkil 2.25). Bitki mat üzərində inkişaf edib məhsul verir. Mat üzərindəki bitkiyə damcı üsulu ilə su və gübrə qarışığı verilir.
Toxum kaseti - bu 0,8 millimetr qalınlığında, əsasən, plastik kütlədən hazırlanmış qablardır (Şəkil 2.21). Müxtəlif ölçüdə istehsal olunur. Toxum kameralarından və paddondan ibarət olur. Toxum kameralarının sayından və həcmindən asılı olaraq müxtəlif ölçülərdə istehsal olunur. Müxtəlif növ bitki toxumlarının cücərdilməsi, şitil yetişdirilməsi üçün nəzərdə tutulub. 4 kameralı və hər kameranın dərinliyi 60 millimetrdən 264 kameralı və hər kameranın dərinliyi 25 millimetrədək olan formalarda istehsal olunur.