İşçi məhlulun verilməsi avtomatik idarə olunur. Bitki altına yerləşdirilmiş elektron vericilər vasitəsi ilə bitkiyə verilən işçi məhlulun tərkibi və miqdarı tənzimlənərək verilir. Bu metodla əkin zamanı bahalı substrat elementləri alınmasına, onların vaxtaşırı dəyişdirilməsinə ehtiyac qalmır. Yalnız az miqdarda setka dibçəklər içərisinə doldurmaq üçün çınqıl tələb olunur. Həmin çınqılın bir müddət istifadədən sonra dəyişdirilməyə və ya dezinfeksiya olunmasına ehtiyac qalmır. Çınqıl islanmadan ancaq bitkinin setka dibçəklərdə düz qalması üçündür. Kultivasiya borusu rəflərlə bir neçə mərtəbədə yerləşdirilir ki, bu da istixanada az sahədə çoxlu əkin aparılması üçün əlverişlidir. Kultivasiya kanalının həm qurulması, həm də yerinin dəyişdirilməsi az zəhmət və işçi qüvvəsi tələb edir. Hal-hazırda bu metodla bir çox hidroponik sistemlər işləyir.
Aqreqatoponika becərmə üsulunun modifikasiyalarından biri də hazır mineral və torf substratlarında əkin üsuludur.
2.3.2. Hazır substrat qarışıqları
İstixana qurğularında hal-hazırda hazır substrat üzərində bitki yetişdirilməsi geniş tətbiq edilir. Bu texnologiyanın tətbiqində əsas məqsəd müxtəlif meyvə-tərəvəz bitkilərin məhsuldarlığını yüksəltmək və torpaqda olana xəstəlik, zərərvericilərdən bitkini qismən mühafizə etməkdir. Hazır substratlardan ən geniş yayılanı sıxılmış torf və hindistan cəvizi qabığı qarışığından hazırlanmış substrat üzərində becərmədir (Şəkil 2.18 və Şəkil 2.19). Bu cür qarışıqlardan ölçüləri 100 santimetr uzunluğunda, 17 santimetr enində və 12 santimetr qalınlığında olan polietilen torbalara (novlara) doldurulmuş şəkildə istifadə olunur. Preslənmiş torf və hindistan cəvizi qabığı qarışığı tərkibinə əlavə olaraq kompleks gübrələr və torf oksidantı biostimulyator qarışdırılır. Stimulyatorun tərkibinə 10 faiz ümumi azot, 7-8 faiz azotun ammonium forması, humin və amin turşuları və mikrogübrələr qatılır.