Qida maddələri bitki növünün tələbatına uyğun olaraq qida maddələri çənində lazımi doza və qatılıqda hazırlanıb toplanır. Avtomatik olaraq bitki altına vaxtaşırı verilir. Substrat qabındakı məhlul səthə qədər dolan kimi sifonlarla və drenaj axarları ilə boşaldılır. Substrat altında toplanmış, istifadə olunmuş məhlulun qalıqları ya substrat altındakı drenaj kanalları, ya da çıxarıcı sifonlarla substrat qabından sorulub çıxarılır. Çıxarılmış məhlul substrat qabından çıxmış məhlul çənində toplanır. Nasos vasitəsi ilə filtrlərdən keçirilərək yenidən bitki üçün qida maddələri saxlanan çənə istifadəyə ötürülür. Bütün bu sikl gün ərzində 5-6 dəfə təkrarlanır. Buna görə də məhlulun substratda hopdurulub saxlanmasına ehtiyac qalmır, yalnız substratın islanması bitki üçün kifayət edir. Bu işdə bitkilərin kök sisteminin 30-40 dəqiqədən çox məhlulda qalması yolverilməzdir. Bu zaman bitki kök sistemi və bitki oksigen aclığından zərər çəkir. Həm substrat qabında məhlul səthə qədər doldurularsa, substrat səthi boyunca mamır örtüyü əmələ gəlir ki, bu da bitki üçün zərərlidir.
Bu metodla əkin bir neçə modifikasiyalarla tətbiq edilir. Bunlardan biri də kultivasiya kanal tipli əkindir (Şəkil 2.14, Şəkil 2.15 və Şəkil 2.16). İşçi prosesi şəkil 2.17-də təsvir edilmiş sxemdəki qaydaya uyğun gedir. Bu metodla əkin kultivasiya kanallarında aparılır. Kultivasiya kanalı metodundan bir çox tərəvəz, giləmeyvə, dekorativ bitkilərin yetışdirilməsində istifadə olunur. Kultivasiya kanalı 200-300 millimetrlik diametrində borulardır. Borularda dibçək yerləşdirilməsi üçün oyuqlar açılmış olur. Oyuqlara setka dibçəklər yerləşdirilir. Setka dibçəklərin içərisinə çınqıl doldurularaq bitki əkilir. Kultivasiya borularındakı hər bir oyuğa dibçək yerləşdirildikdən sonra kultivasiya borusuna bitki üçün qida maddəsi məhlul şəklində ötürülür. Məhlul kultivasiya kanalına elə verilir ki, dibçəklərdəki bitkinin kökü islansın. Bu prosesdə siklik olaraq sutka ərzində bir necə dəfə təkrarlanır. Bitki kökü bununla həm hava, həm də lazımi miqdarda qida elementləri qəbul edərək məhsuldar inkişaf edir.