Bu sistemlər bir-birilərindən bitkinin kök sistemini hava və mineral maddələrlə təmin etmə metodlarına görə fərqlənir (Sxem 2.1).
Sxem 2.1. Hidroponik sistemlər
2.3.1. Aqreqatoponika
Bu becərmə üsulu bitkinin möhkəm qranulyar az suhopdurma qabiliyyətinə malik substratlarda əkini üsuludur (Şəkil 2.12). Bu üsul bitkinin kök sisteminin və substratın periodik olaraq qida maddələri qarışdırılmış su ilə isladılması prinsipi ilə işləyir. Bunun üçün qranulyar substrat qarışığının seçimi vacib şərtdir. Bu cür substratlar uzunömürlü, öz strukturunu dəyişməyən, bitki kök sistemi üçün fitotoksik (fitotoksik - bitki üçün zəhərli) olmayan hava və su keçiricilik qabiliyyətinə malik olmalı, istini saxlaması yüksək olmalıdır. Bu cür substratlara qranit çınqılı, keramzit, perlit, vermikulit və s. minerallar aiddir. Bunların içərisində ən yaxşısı qranit çınqılıdır. 3-5 millimetr böyüklükdə üyüdülmüş çınqıldan istifadədən qabaq 5 faizli formalin məhlulunda yuyulduqdan sonra istifadə olunur. İstehsalçı göstəricilərinə əməl edilərək istifadə olunarsa, pH göstəricisinin 5-6 dan yüksək və ya aşağı düşməməsi üçün vaxtaşırı yuyularsa, substratın istifadə müddəti çoxalır. Aqreqatoponika becərmə üsulu şəkil 2.13-də sxematik olaraq təsvir edilmişdir. Sxemə əsasən çınqıl substrat üzərində əkilmiş bitki altına bitki üçün vacib qida maddələri, gübrə qarışıqları damcı üsulu ilə verilir.