2.3. Hidroponik becərmə sistemləri
Örtülü becərmə şəraitində ən geniş yayılmış becərmə sistemi hidroponik becərmə sistemləridir (Şəkil 2.11). Hidroponika yunan sözü olub mənası suyun təsiri deməkdir (Hydro - su, ponos - təsiri). Hidroponik becərmə sistemləri yeni təchiz edilmiş qurğu və avadanlıqların tətbiqi ilə təchiz edilməyinə baxmayaraq, bu sistemlə əkin artıq 1950-ci illərdən aparılır. Bu illər ərzində ancaq tədqiqat məqsədi ilə Amerika, Avropa, Asiya və Afrikada hidroponik sistemlə bitki becərilməsi aparılsa da, bu ölkələrdə bir neçə ildən sonra artıq geniş istixana əkinlərində hidroponik sistemlə müxtəlif tərəvəz və qiymətli texniki bitkilər becərilməyə başlandı. İlk əvvəl çox məsarif tələb edən becərmə üsulu olmasına baxmayaraq, sonda istehsal olunmuş məhsulun keyfiyyət və kəmiyyət göstəricilərinin yüksək olması çəkilən xərcləri doğruldaraq bu əkin üsulunun geniş yayılmasına səbəb olmuşdur. Hazırda bir çox ölkələrdə örtülü becərmə şəraitində məhsul yetişdirilməsi üçün bu üsul becərmədən istifadə olunur. İsrail, Hollandiya, Fransa, Rusiya, Ukrayna və s. kimi dövlətlərin istixana becərmə şəraitində hidroponik becərmə texnologiyası geniş tətbiq edilməkdədir. Respublikamızda da bir çox özəl fermer təsərrüfatlarında hidroponik becərmə sistemləri ilə əkin aparılır.
Bitkilərin torpaqsız süni idarə olunan şəraitdə becərilməsinin adi torpaq şəraitində becərmə üsuluna nisbətən bir çox üstünlükləri vardır. Hidroponik becərilmə üsulunda stellaj tipli əkin aparılaraq istixana ərazisindən daha səmərəli istifadə olunur, qida maddələrinin bitkinin kök sisteminə lazımi qədər və vaxtı-vaxtında verilməsi sayəsində güclü kök sisteminə malik bitkilər yetişdirilir, bitki kök sistemlərində hava, su rejimi üçün əlverişli şərait yaranır. Bütün bunlar becərmə şəraitində tətbiq edilən mexanizasiya və avtomatizasiya elementlərinin tətbiqi sayəsində əldə olunur. Yəni bitki avtomatik olaraq (avtomatizasiya) lazımi qədər qida maddələri ilə vaxtı-vaxtında təmin edilir. Bunu həyata keçirən qurğu və avadanlıq (mexanizasiya) fasiləsiz bitkini lazım olan tərkibdə və miqdarda gübrə və su norması ilə təmin edir. Hazırda örtülü becərmə qurğularında aşağıda qeyd olunmuş becərmə sistemləri geniş yayılmışdır: