Kompostlaşmış ağac kəpəyi substrat torpağın altına 30-35 santimetr qatda səpilir. Bundan sonra münbit torpaq qatı səpilir (əgər ağac kəpəyi çürüməmişdirsə, bu halda 35-40 santimetr qatla səpilir). Birinci ildə 1000 kvadrat metr kəpək sahəsinə 250 kiloqram ağac külü və ammonium şorası, 200 kiloqram superfosfat, 150 kiloqram kalium, maqnezium gübrəsi verilir. Ağac kəpəyindən hazırlanmış substratlarda istifadə zamanı bir müddətdən sonra turşuluq artır ki, bu da bitkilər üçün zərərlidir. Bu cür substrat qarışıqlarında turşuluq səviyyəsi artmasın deyə bitki altına vaxtaşırı kalsium nitrat, kül və əhəng verilməsi məsləhətdir.
Kül olmadıqda onun əvəzinə əhəng unu (190-200 kiloqram), kalium sulfat (50 kiloqram) və əlavə superfosfat (35 kiloqram) verilir.
2.2.5. Ağac qabığı
Ağac qabığının tərkibində 80-90 faiz üzvi birləşmələr, 10-20 faiz kül maddələri vardır. pH 5,66,5 olub torpağın bioloji aktivliyini (torpağın bioloji aktivliyi 1 kvadrat metr torpaq kütləsində bitkilər üçün əhəmiyyətli olan mikroorqanizmlərin həyat fəaliyyətinin aktivliyi) artırır (Şəkil 2.10). Yüksək məsaməliliyə, elastikliyə və filtrasiya qabiliyyətinə malik olduğuna görə substrat qarışığının hazırlanmasında istifadə olunur. Ağac qabığını kompostlaşdırarkən diametri 1-10 santimetr olan hissəciklər 20-25 santimetr qalınlığında meydançaya tökülür. Sonra 1 kiloqram qabıq qırıntısına 2 faiz azot, 2,5 faiz fosfor gübrəsi qarışdırılaraq burtda (burt - hündürlüyü 4-7 metr, əsasının eni 6-7 metr olan torpaq qarışıqlarının müvafiq ölçülərdə toplanaraq saxlandığı sadə tipli saxlayıcıdır) toplanır. Burtda nəmlik 60-75 faiz həddində saxlanılır. Burtun daxilində temperatura 40-60 dərəcəyə çatdıqdan 4-5 həftə sonra qırıntı qarışdırılır, 3-4 aydan sonra kompost hazır hesab edilir.
Bu qarışıqla birlikdə küləşdən də istifadə olunur. Küləş taxıl bitkiləri biçinindən sonra onlardan qalan ot qalığının xırdalanmış kütləsidir. Küləşin tərkibində 80 faizə qədər üzvi maddə, 0,5 faiz azot, 0,2 faiz fosfor və 0,3 faiz kalium vardır. Sıxlığı 0,2-0,5 qram kub santimetrdir. İstixana torpaqları üçün payızlıq buğda, çovdar küləşləri, bunlar olmadıqda isə yazlıq buğda küləşi ən yaxşı hesab edilir.