Ağac qabığı və ağac kəpəyi qatıldıqda torpaq kütləsində manqan elementi çatışmazlığı müşahidə edilə bilər. Bunun üçün torpaq kütləsindən torpaq nümunələri götürülüb aqrokimyəvi analiz edilir. Bu nəticələrə əsasən və əkilən bitki tələbatına görə gübrə əlavələri verilərək qarışdırılır. Bununla torpaq kütləsində əkindən qabaq bitki üçün bir çox element çatışmazlığı aradan qaldırılır. 3-5 aydan sonra torpaq örtülü sahə əkinlərində əkiləcək bitki üçün substrat tətbiq edilir.
2.2.3. Peyin torpaq kompostu
Peyin torpaq kompostunun hazırlanması üçün çəmən torpağından istifadə olunur (Şəkil 2.8). Bunun üçün uzun müddət becərilməyən 1 hektar çəmən torpağına 250-300 ton peyin, 150-200 ton torf, 20-30 ton peyin şirəsi, 10-15 ton əhəng verilir. Bundan sonra sahə 15-20 santimetr torpaq dərinliyində şumlanır. Şumdan qabaq ağac qabığı, ağac kəpəyi və ya küləş səpilməsi daha səmərəli hesab olunur. Bu zaman torpaq qarışığı daha məsaməli strukturda olur. Şumdan sonra 30-40 gün müddətində aqrotexniki işlər dayandırılır.
Bu müddət ərzində torpaqda olan canlı mühitin təsiri ilə kompost formalaşmağa başlayır. 30-40 gün gözlədikdən sonra buldozerlərin köməyi ilə hazırlanmış torpaq qatı sıyrılıb götürülür. İstixanada tətbiq edilməmişdən qabaq eni 6 metr və 3-3,5 metr hündürlüyündə toplanaraq 6-8 ay müddətində saxlanılır. Toplanmış kütlə saxlanıldığı müddət ərzində 2 dəfə 200 kiloqram peyin şirəsi verilməklə 2-3 dəfə qarışdırılıb yenidən toplanıb saxlanılır. 6-8 ay müddətində torpaq kütləsi tam yetişmiş kompost kütləsinə çevrilir. Bundan sonra örtülü sahə əkinlərinə tətbiq edilir.
2.2.4. Ağac kəpəyi
Ağac kəpəyindən qidalı torpaq qarışıqlarının hazırlanmasında, istixana torpaqlarında bitkilərin vegetasiyası boyunca torpağın yumşaldıcı material olaraq və bitki becərmək üçün substrat hazırlanmasında geniş istifadə edilir (Şəkil 2.9).
Yumşaldıcı material kimi işlədilərkən hər bir kvadrat metr istixana torpağına 20 kiloqrama qədər səpilir. Bu zaman səpilən bir kub kəpəklə birlikdə torpağa 1,0-1,5 kiloqram əlavə azot gübrəsi də verilməlidir. Ağac kəpəyində orta hesabla 85-90 faiz üzvi maddə, 10-15 faiz kül elementi vardır və pH 5,5- 6,0-a bərabərdir. Buxara verilmiş və mineral gübrələrlə qarışdırılmış kəpək cərgələrin içərisinə sərilmiş pərdə örtüyün üzərinə tökülür.