2.2.1. Torf
Torf tərkibində bir çox üzvi maddələrlə zəngin substrat komponentidir. Substrat tərkibində istifadə olunan torf tərkibindəki üzvi maddələrin parçalanması səviyyəsinə görə az, orta və yüksək olmaqla üç qrupa bölünür (Cədvəl 2.2).
Tərəvəzçilikdə üçüncü qrupa aid olan torf qarışığı istifadəsi yolverilməzdir. Torfun rütubət tutumu 50-100 faiz arasında olur. Onun tərkibində bitki üçün vacib olan 1,6-2,6 faiz azot, 0.05-0.4 faiz fosfor, 0,030,2 faiz kalium, 1,5-3,0 faiz kalsium, 0,2-3,0 faiz dəmir vardır. Torfun tərkibində mikroelementlər (mikroelementlər az miqdarda torpaq bitki tərkibində olan maddələrdir. Manqan, mis, maqnezium, sink və s. elementlər bitki üçün vacib mikro elementlər hesab olunur) az olduğundan substrat əkinlərində bitki altına və ya kökdən kənar yemləmə (kökdən kənar yemləmə mikroelement tərkibli gübrələrin suda həll olunmuş qarışığının bitkinin yerüstü orqanlarına çilənməsi) üsulu ilə bitkilərə verilməsi məsləhətdir. Substrat əkinlərində torf qarışığından istifadə etməzdən 10-15 gün qabaq ona əhəng və ya tabaşir tozu qatılır. Bundan sonra hər kub metr torf kütləsinə 200-250 qram azot, 400500 qram fosfor, 550-600 qram kalium, 120-140 qram maqnezium, 100-120 qram dəmir sulfat, 4-6 qram manqan sulfat, 30-40 qram mis sulfat, 5-6 qram bor turşusu və 4-5 qram sink sulfat qarışdırılır. Örtülü sahə əkinlərində əsas substrat komponenti kimi istifadə edilir (Şəkil 2.6).
Qruplar | Torfun parçalanma səviyyəsi |
Parçalanma səviyyəsi az | 20 faizə qədər olarsa |
Parçalanma səviyyəsi orta | 20-30 faizə qədər olarsa |
Parçalanma səviyyəsi yüksək | 35 faizdən çox olarsa |
Cədvəl 2.2. Torfun parçalanma səviyyəsinə görə qruplaşması
2.2.2. Çəmən torpağı
Örtülü sahə əkinlərində istifadə olunan çəmən torpağı münbit torpaq örtüyünün çim qatından götürülmüş torpaqdır. Bu torpaqlar münbit yaşıl çəmənliklərin 8-12 santimetrlik torpaq dərinliyinə qədər sıyrılaraq götürülmüş torpaq örtüyüdür (Şəkil 2.7). Traktor və ya buldozerlərin köməyi ilə çəmən torpağı öz təbii yatağından sıyrılaraq götürülür. Saxlama yerlərində 1,5-2 metr hündürlüyündə və 2-2,5 metr enində toplanaraq 3-5 ay müddətində saxlanılır. Saxlanılan müddət ərzində 2-3 dəfə suvarılaraq qarışdırılır. Bununla birgə torpaq kütləsinə azot gübrələri verilməsi daha məqsədəuyğundur. Qarışdırılan zaman ağac qabığı, küləş və ya ağac kəpəyi qatılması daha səmərəli hesab olunur.