Tərkibində olan qida maddələrinin tipinə görə süni torpaq qarışığı üzvi (torflu, ağac emalından qalmış ağac yonqarı, ağac qabığı, samanlı, kompostlu və s.) və mineral tərkibli (çınqıl, qum, perlit, seolit, vermikulit, keramzit, liqinin) maddələrdən hazırlanmış olur. İstifadə müddətinə görə qidalı torpaq qarışıqları hər il dəyişdirilən, az müddətli (2-4 illik), uzun müddətli (5-8 illik), çox uzun müddətli (12 il və daha çox) olur. Tərkibində olan üzvi maddələrin miqdarına görə qidalı torpaq qarışıqları üzvi maddəli (60 faizdən çox), üzvi-mineral (20-40 faiz) və mineral (20 faizdən az) maddəli olur.
Hazırlanmış süni qidalı torpaq qarışığı bəzi kriteriyalara cavab verməlidir. Bunların ən vacibləri aşağıdakılardır:
Əkilmiş bitkinin vegetasiyası boyunca qidalı torpaq qarışığı öz aqrofiziki xassələrini
saxlamalıdır. Qidalı torpaq qarışığı kipləşməməli, tərkibində zərərli maddə, birləşmələr, müxtəlif
xəstəlik və zərərvericilər toplanmamalıdır.
Bu kriteriyalar vacib hesab olunur. Bu kriteriyalara cavab verməyən torpaq qarışığı örtülü sahə
əkinləri üçün yararsız sayılır.
2.2. Qidalı torpaq qarışıqlarının əsas tərkib elementləri
Qidalı torpaq qarışığı üzvi maddəli, üzvi-mineral tərkibli, mineral tərkibli olur. Demək olar ki, bir çox substrat qidalı torpaq qarışıqların hazırlanmasında torfdan, çəmən torpağından, ağac kəpəyindən, ağac qabığından və küləşdən istifadə olunur. Bu komponentlərdən istifadə edilərək müxtəlif istixana sahələrində substrat qarışıqları hazırlanır və bitki əkinləri aparılır.