2. Örtülü sahələr
Örtülü tərəvəz əkininin əsas məqsədi mövsümdən kənar, ilin soyuq dövründə (payız, qış və erkən yaz) tərəvəz bitkilərini süni mikroiqlim (mikroiqlim - kiçik sahədə yaradılmış süni iqlim şəraiti) qurğuları şəraitində becərməklə təzə məhsul istehsal etməkdir. Bu metodla bitkilərin becərilməsi bir çox ölkələrdə olduğu kimi ölkəmizdə də geniş yayılmışdır. Tərəvəz bitkilərinin yetişdirilməsində süni iqlim şəraiti yaradılaraq əkin aparılmaqla həm keyfiyyətli, həm də yüksək tərəvəz məhsulunun əldə edilməsi mümkündür. Respublikamızda hal-hazırda örtülü sahə qurğularının 4 tipi yayılmışdır. Bunlar aşağıdakılardır:
İstiləşdirilən sahələr müvəqqəti istifadə üçün qurulur. Əsasən yaz və qismən payız aylarında qurulur. Bu qurğular qızdırılmayan (soyuq şitilliklər) və qızdırılan (təbii qaz, işlənmiş mühərrik yağları, neft, torf və ya presləşmiş ağac yonqarı) formalarda istifadə edilir.
Parniklər tərəvəz şitillərinin yetişdirilməsi üçün nəzərdə tutulub. Parniklər bioyanacaq, texniki üsullarla (təbii qazın yandırılması, elektrik qızdırıcıları) və günəş enerjisi ilə qızdırılmaqla istismar olunur.
İriqabaritli tunel tipli qurğular, əsasən tağ tipli və iri həcmli olur. İriqabaritli tunel tipli qurğular bioyanacaq, texniki üsullarla (təbii qazın yandırılması, elektrik qızdırıcıları) və günəş enerjisi ilə qızdırılmaqla istismar olunur.
İstixanalar digər örtülü torpaq sahəsi qurğularından fərqli olaraq içərisində traktor, becərmə maşınları və digər avadanlıqlar asanlıqla işləyə bilir. İstixanalar öz quruluşuna, istifadə əhəmiyyətinə görə ən səmərəli örtülü sahə qurğularıdır ki, orada il boyu tərəvəz, giləmeyvə, göbələk, dekorativ bitkilər istehsal etmək mümkündür.