1.6.1. Substrat aqreqatlarında pH göstəriciləri
Substrat torpaqlarında pH səviyyəsinin stabil saxlanması vacib şərtlərdən biridir. Belə ki, bitkilərin normal məhsuldar inkişafı substrat tərkibindəki pH səviyyəsindən asılıdır (Cədvəl 1.1). Bir çox bitkilər, məsələn, paxla, xiyar, badımcan, kahı, kartof, pomidor və s. az turşuluq və ya neytral pH səviyyəli torpaqlarda yaxşı yetişir. Substratda pH səviyyəsinin düşməsi-qalxması zamanı bitkilərdə yarpaqların soluxması müşahidə edilir, qəhvəyi və ya sarı ləkələr əmələ gəlir. Bu zaman elektron və ya rəqəmsal pHmetrlə substratın və substrata verilən suyun pH səviyyəsi yoxlanılmalıdır (Şəkil 1.24). Substratın pH səviyyəsi müəyyənləşdirildikdən sonra ona pH səviyyəsini qaldıran və ya salan preparatlar verilir.