1.5.3. Ağac yonqarı və ya talaş
Substrat salınmasında ağac yonqarından və ya talaşadan da istifadə edilir (Şəkil 1.19). Substrat aqreqatlarına yüngüllük və məsaməlilik verən komponentlərdən biridir. Boyat ağac yonqarından istifadə etmək daha məsləhətlidir. Lakin ağac yonqarı təzədirsə, onda mütləq qaynar su əlavə edərək pörtlədilməli və karbamid əlavə edilməlidir (20 kiloqram pörtlədilmiş ağac yonqarı üçün 40 qram). Karbamid ağac yonqarının çürüməsi zamanı azotun bitkilərdən alınmaması üçün əlavə edilir ki, bitkilər azot çatışmazlığından zərər çəkməsin. Ağac yonqarı, həmçinin müxtəlif gübrə qarışıqlarının vaxtından qabaq substrat aqreqatlarından süzülüb getməsinin qarşısını alan təbii bir vasitə kimi də istifadə edilir. İstifadə olunan ağac yonqarı torf qarışığı ilə birlikdə istifadə edilərsə, həmin torpağın kipliyi azalacaq, torpaq daha məsaməli olacaq.
1.5.4. Torf
Substrat tərkibində aparıcı elementlərdən biri də torfdur (Şəkil 1.20 və Şəkil 1.21). Uzunmüddətli bataqlıqlarda olan bitki qalığından əmələ gələn torf iki növdə tətbiq edilir. Torf aşağı yaruslu və yuxarı yaruslu növlərinə ayrılır. Aşağı yarus torfu qara rəng çalarına malikdir (Şəkil 1.20), yuxarı yarus torfu isə qəhvəyi rəng çalarında olur (Şəkil 1.21). Buna görə də, substrat hazırlanmasında torf qarışığına dolmit unu əlavə edilməlidir (10 litr substrat qarışığına 2-3 yemək qaşığı dolmit). İşlənmiş torf qarışığını ağac külü, ağac yonqarı, qurumuş ot qalıqları ilə birlikdə qarışdırıb 4-5 həftəliyinə polietilen örtük altında saxlamaq və sonra bitki altına verilməsi daha məqsədəuyğundur. Polietilen örtük altında saxlanmış torf qarışığı üzərinə çürümüş peyin əlavə edilməsi həmin qarışığın daha məhsuldar olmasına zəmin yaradır. Bu həm bitki köklərinin azotla təmin olunması, həm də kök sisteminin yaxşı havalanması üçün istifadə edilə bilər. Yüksək su tutumu qabiliyyətinə malikdir.