1.5. Substrat hazırlanmasında istifadə olunan üzvi birləşmələr
Substrat hazırlanmasında torpaq tərkibinə müxtəlif komponentli qarışıqlar əlavə olunur. Bu komponentlərin zənginliyi əkilən bitkinin inkişafında və məhsuldarlığında özünü büruzə verir.
1.5.1. Kompost
Substrat əkinlərində torpaq qarışığının əsas komponentlərindən biri kompostdur (Şəkil 1.17). Substrat bitkiləri üçün klassik tərkibli, peyinli superfosfat torf tərkibli kompostlardan istifadə olunur. Əsas tərkib elementləri biçilmiş ot, payız yarpaqları, quş və mal-qara peyini, ağac yonqarı və s. kompostlama kamerasına toplanaraq mikrobioloji və müxtəlif göbələklərin təsiri ilə çürüməsindən əmələ gəlir. Kompost hazırlanarkən bişirilmiş meyvətərəvəz qalıqları, xəstə bitki qalıqları, çoxillik və toxumlu alaq otları və bu kimi digər bitki qalıqları sintetik parça və bezlərdən, sitrus bitkilərinin qabıqlarından istifadə etmək olmaz. Substrat hazırlanarkən kompost seçimində yuxarıdakı qeyd edilən şərtlərə diqqət etmək lazımdır. Çünki keyfiyyətli tərkibdə hazırlanmış kompostlarda bitkilər daha məhsuldar inkişaf etmiş olacaq.
1.5.2. Ağac qabığı
Şam, fıstıq, palıd kimi ağac qabıqlarının üyüdülməsindən və ya xırdalanmasından alınır (Şəkil 1.18). İşlənmiş şəkildə üzvi tərkiblərlə birgə substrat salınmasında istifadə olunur. Lifləri hava və rütubət saxlamaq qabiliyyətinə malik olduğu üçün təbii vasitə olaraq substrat salınmasında istifadə olunur. Lakin sporofit göbələk və bakteriyaları, eləcə də torpaqda yaşayan zərərli həşəratları cəlb etmək xüsusiyyətinə malikdir ki, bu da substrat bitkiləri üçün arzuolunmazdır. Buna görə də istifadədən qabaq həmin komponentlər mütləq emal olunmalıdır, ehtiyac olarsa üyüdülmüş ağac qabığına həşəratlar və fitopatoloji xəstəliklərə qarşı dərmanlama aparmaq lazımdır.