1.4.3. Mineral yun
Substrat hazırlanmasında istifadə edilən ekoloji təmiz bu birləşmə bazalt dağ süxurlarının 1400 °C temperaturda əridilməsi yolu ilə istehsal olunur (Şəkil 1.14). Tərəvəz və dekorativ bitkilərin cücərdilməsində və ya əkinində substrat qarışıqları üçün hazırlanır. Tam steril və inert olan bu birləşmə substrat əkinlərində tətbiq edilən gübrə və digər kimyəvi elementlərə qarşı davamlı birləşmədir. İki formada istehsal olunur. Repellent su hopdurmayan və absorbent su hopduran substrat salınmasında ən çox su hopdurmayan mineral yundan istifadə edilir. Kaset tipi və tək kubşəkilli istehsal olunur.
1.4.4. Şüşə yunu
Şüşə istehsalında tətbiq edilən xam mallardan istifadə olunduğu kimi bu da qum, soda və dolmit və ya silisium birləşmələrinin yüksək temperaturda qızdırılmasından alınır (Şəkil 1.15). Su saxlama və havalandırma xüsusiyyəti yüksəkdir. Mineral yunda olan bir çox xassələrə malikdir. Lakin şüşə yunu kimyəvi preparatlara daha davamlıdır. Bu
da onun istifadəsinin mineral yuna nisbətən çox olmasına zəmin yaradır. Belə ki, mineral yunun istismar müddəti 2 ildən çox deyil. Lakin şüşə yununun istismar müddəti 3-5 ilə qədər davam etdirilə bilər. Şüşə yununun su hopdurmaq qabiliyyətinin yüksək olması arzuolunmazdır. Çünki həddindən artıq su hopdurduqda substrat bitkilərinin kök sisteminə hava keçiriciliyi zəifləyir, bu da məhsul itkisinə səbəb ola bilər. Məhz buna görə də mineral yundan istifadə etmək daha məqsədəuyğundur.
1.4.5. Styrofoam
Substrat əkinlərində istifadə olunan komponentlərdən biri də Styrofoamdır. Presləşdirilmiş penopolistirol dənəciklərindən ibarət açıq-mavi rəng çalarlı materialdır (Şəkil 1.16). İsti və soyuq keçiriciliyi çox aşağıdır. Mexaniki möhkəm və su keçiriciliyi olmayan bu birləşmə hazır substrat komponentlərinin salınmasında geniş istifadə olunur. Substrat əkinlərində istifadə olunan kimyəvi preparatlara qarşı davamlıdır. Uzun müddət istifadə olunduqda çürümədən öz strukturunu saxlayır.