1.3.6. Ağac külü
Yuxarıda qeyd olunan komponentlərlə komponentlər tərkibindən biridir (Şəkil 1.8). Həm də gübrə kimi istifadə olunan bu qarışığın tərkibində maqnezium, kalium, mis, kalsium, sink, kükürd, fosfor birləşmələri vardır ki, bu da bitkinin məhsuldar inkişafında vacib elementlərdən hesab olunur.
1.3.7. İşlənmiş gil
Bəzən ağac külü və ya çay qumu əvəzinə işlənmiş gildən də istifadə edilir (Şəkil 1.9). Lakin bu iki komponentin kompleks işlənməsi daha əlverişli hesab olunur. Silisium qumunun yüksək temperaturda emalından əmələ gəlir. Suyu və havanı daha yaxşı saxlama xassəsinin yüksək olması ilə dəyərləndirilir. Gil həm də substrata verilmiş qida elementlərinin bitki tərəfindən mənimsənilməsi üçün qrunt suları ilə axmasının qarşısını qismən alır. Gilin çay qumu ilə qarışıq halında substrata salınması torpağın kipləşməsinin qarşısını alır və onun havalandırılmasını əlverişli edir. Substrat salınmasında sterilizə olunmuş gildən istifadə edilməsi məsləhətdir. Çünki gil qatında patogen mikroorqanizmlərin miqdarı daha çox müəyyənləşdirilir ki, bu da bitkilər üçün arzuolunmazdır.
1.3.8. Seolit
Təbii, boz ağ rəngli dağ mineralı olub substrat salınmasında geniş istifadə olunur (Şəkil 1.10). Üyüdülmüş seolit dənələri məsaməli, absorbsiyalı və ion dəyişən, dehidrasiya xassələrinə görə istifadə edilir. Tərkibində bitkilər üçün vacib elementlərdən azot və fosfor olmadığından bu elementlərin gübrə qarışığı ilə verilməsi daha məqsədəuyğundur. Yüksək kation tutumuna malik olmasına görə gübrə tərkibindəki kalium və ammonium ionlarını saxlayaraq bitki tərəfindən mənimsənilməsinə şərait yaradır.