1.3.3. Perlit
Yuxarıda qeyd olunan komponentlərlə birlikdə substrat hazırlanmasında perlitdən də istifadə edilir (Şəkil 1.5). Perlit vulkanik mənşəli şüşəyəbənzər süxur olub yüksək temperaturda (750-10000 C) məsaməli ağ rəngli yüngül kütlə əmələ gətirir ki, buna da aqroperlit deyilir. Ekoloji və steril təmiz məhsul olaraq substrat hazırlanmasında geniş istifadə olunmaqdadır. Torfun kompost qarışığı ilə birlikdə istifadə olunması daha məqsədəuyğundur. Əsas xüsusiyyətlərindən biri öz kütləsindən 4 dəfə çox özünə su çəkərək sonra da bitkiyə verməsidir.
Bununla bərabər 0,5-2 santimetrlik nazik perlit qatı torpağın səthini həddindən artıq qızmadan və soyuqdan qoruyaraq bitkilərin köklərini mühafizə etmək xüsusiyyətinə malikdir.
1.3.4. Vermikulit
Substrat hazırlanmasında digər komponentlərlə birgə istifadə edilən təbii mineraldır (Şəkil 1.6). Vermikulit və ya aqrovermikulit XIX əsrdə kəşf edilib, lakin 100 ildən sonra tətbiq edilməyə başlanıb. Yüngül laylı qonur sarı rəng çalarlarına malik süxurdur. Substrat hazırlanmasında 1-3 millimetrlik vermikulit dənələrindən istifadə olunur. Bu həm də steril və yüngül çəkiyə malik olduğundan su saxlamaq xassəsinin və məsaməli qat hesabına hava keçiriciliyinin yüksək olmasından substrat hazırlanmasında tətbiq edilir.
1.3.5. Pemza və ya süngər daşı
Təbii mənşəli vulkanik süxurdur (Şəkil 1.7). Substrat salınmasında 1-5 millimetr ölçüdə olan pemza dənələrindən istifadə olunur. Yüngül məsaməli ağ və ya kirli ağ və ya tünd-şabalıdı və qara rəng çalarlarına malik süxurdur. 1 sm3 orta çəkisi 0,5 qram təşkil edir. Pemza məsaməli olmasına baxmayaraq, su hopdurmaq xüsusiyyətinə malik deyil. Hind qozu lifi ilə kompleks şəkildə istifadə olunması daha məqsədəuyğundur. Belə ki, bunların kompleks tətbiqində substrata əkilmiş bitkinin kök sistemi daha çox hava ilə təmin olunmuş olur. Bu cür substratlarda su keçiriciliyi (yüksək olur) də bitki üçün əlverişlidir.