Gəmiricilərdən və şaxtadan mühafizə üçün cavan ağacların ştampı xüsusi metal torlarla örtülür. Bəzən isə günəbaxan yağı çəkilir və ya qalın karton sarınır. Gün yanğısına qarşı ştamp və skelet budaqlar payızdan əhəng məhlulu ilə ağardılır. Bu məqsədlə BO 50 tipli emulsiya boyasından da istifadə edilə bilər.
Həmçinin, gəmiricilərlə mübarizə üçün aldadıcı yemlərdə tətbiq edilir. Əgər gövdə qabığı ciddi zədə alıbsa, erkən yazda ona körpü calağı tətbiq olunur. Zədə az olduqda zədələnmiş hissə 1 faizli mis kuporosu ilə dezinfeksiya edilir və üzəri bağ məlhəmi ilə örtülür. Yara böyük olarsa, həmin hissəyə sintetik pərdə də sarınmalıdır. Birinci ilin sonunda bağın keyfiyyəti yoxlanır və bu zaman qurumuş, ciddi şəkildə zədələnmiş bitkilər çıxarılır, onların yerinə eyni sortdan olan ehtiyat üçün saxlanmış ağaclar əkilir. Cavan bağda əsas işlərdən biri də ağaclara plan üzrə nəzərdə tutulmuş çətir formalarının verilməsidir. Meyvə bitkilərinə forma verilməsi çox məsul və ağır bir proses olub çoxlu vaxt tələb edir. Buna görə də formavermə ilə yüksək dərəcədə səriştəli və məsuliyyətli işçilər məşğul olmalıdır. Formavermə əksərən budama ilə müşayiət olunduğundan cavan bağlarda bu iki iş prosesi daim birlikdə işlənir.
Sərbəst iş üçün tapşırıqlar