Kontakt xarakterli herbisidlər bitkinin hər hansı bir hissəsinə düşdüyü sahəni zədələyir, başqa orqanlara isə təsir etmir. Sistem xarakterli herbisidlər isə bitkinin toxumlarına daxil olaraq onun bütün hissələrini zədələyir.
Herbisidlər həm bitkilərə çilənir, həm də torpağa verilir. Torpağa verildikdə herbisidlər köklər vasitəsilə sorularaq, yerüstü hissəyə çiləndikdə isə toxumalar tərəfindən udularaq təsir göstərir.
8.6. Meyvə bitkilərinin zərərvericiləri və onlarla mübarizə tədbirləri
Kənd təsərrüfatı bitkilərinə bir çox canlı orqanizmlər ziyan vuraraq məhsuldarlığın azalmasına, məhsulun əmtəəlik keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Əkin sahələrində yayılan həşəratlar, bakteriyalar, göbələklər, viruslar, ilbizlər, siçanabənzər gəmiricilər və quşlar əkinlərə ziyan vuraraq məhsulun azalmasına səbəb olur. Bəzi orqanizmlər isə məhsulun saxlanması zamanı da onlarla qidalanaraq öz zərərli fəaliyyətini davam etdirir.
Zərərvericilərə qarşı müxtəlif mübarizə tədbirləri (aqrotexniki, mexaniki, fiziki, kimyəvi və karantin) işlənib hazırlanmışdır. Hazırlanmış bu mübarizə tədbirlərindən kimyəvi mübarizə tədbiri geniş tətbiq edilir. Bu zaman müxtəlif kimyəvi maddələrdən istifadə edilir, bu da məhsulu qorumaqla bərabər həm də müəyyən ekoloji problemlər yaradır. Odur ki, kimyəvi mübarizədə sınaqdan keçirilmiş preparatlardan istifadə edilməli və bu zaman tətbiq qaydalarına ciddi əməl edilməlidir.
8.7. Ağaclara qulluq tədbirləri
Bağçılıqda ağaclara qulluq işləri ağacın əkinindən qabaq torpağın hazırlanmasından və ağac əkildikdən sonra onun bütün ömrü boyunca davam etdirilir. Bu qulluq tədbirləri yuxarıda qeyd olunmuş bağçılıqda geniş tətbiq edilən iş prosesləri ilə müşayiət olunur. Hər bir iş prosesi bağın tipindən becərilən ağac növlərindən asılı olaraq qabaqcadan planlaşdırılmış qaydalarla həyata keçirilir. Çünki hər bir iş prosesinin bitkinin inkişafında və onun keyfiyyətli məhsul verməsində əvəzolunmaz rolu vardır. Bitkilərə qulluq torpağa bitkilərin əkinindən sonra başlanır. Bitki ona lazım olan qida maddələri və su ilə vaxtı-vaxtında təmin olunmalıdır. Cavan ağaclar bağa əkildikləri gündən onlar gələcək uzunmüddətli fəaliyyət üçün hazırlanmalıdır. Cavan ağaclara qulluq işi ştampda və calaqaltılarda əmələ gəlmiş pöhrələri kəsib atmaq, xəstəlik və zərərvericilərlə daima mübarizə aparmaq, gövdənin zədəli hissələrini müalicə etmək və başlıca qəbul edilmiş sistem üzrə ağacda çətir yaratmaqdan ibarətdir. Birinci ilin başlanğıcında ağac vegetasiyaya başlamazdan qabaq birillik tinglər veriləcək çətir formasına müvafiq olaraq müəyyən hündürlükdə kəsilir. Bundan sonra gövdə üzərində əmələ gələn zoğlardan çətir yaratmaq üçün lazım olanlar saxlanır qalanları isə kəsilib atılır. Kökdən, kök boğazından əmələ gələn pöhrələr də dibindən kəsilib atılmalıdır.
Cavan ağacların gövdə qabığı qışda gəmiricilər tərəfindən zədələnməməsi üçün gövdə, müxtəlif sarğı materialları ilə (tol, kağız, sintetik pərdə) 40-50 santimetr enində sarınır (Şəkil 8.11). Çəyirdəkli meyvə bitkilərinin gövdəsi isə mis kuporosu qatılmış (maniloz xəstəliyinin profilaktikası üçün) əhənglə ağardılır. Cavan vaxtlarında, ağacın ştampının, skelet budaqlarının gəmiricilər, torpaq becərən mexanizmlər tərəfindən, həmçinin, gün yanğısı və şaxtadan ciddi zədə alması halları baş verə bilir.