Bölgənin torpaq şəraitindən, süni suvarmanın tətbiqindən və sələfin xüsusiyyətindən asılı olaraq veriləsi gübrə norması müxtəlif olur. Üzvi gübrəni bilavasitə qara herik sələf olan tarlaya verib tarlanı şumlayırlar.
Mineral gübrələr toxum səpilməzdən, calaqaltılar əkilməzdən qabaq tərəvəz dənli bitkilərin altına verilir.
Gübrələrin verilməsi vaxtı onların növündən, torpağın tipindən, bitkilərin ayrı-ayrı fazalarda qida elementlərinə olan tələbindən asılıdır.
Əsas gübrələr payızda şum altına, yemləmə gübrələri isə vegetasiya dövründə verilir.
Üzvi gübrələr bir qayda olaraq iki-üç ildən bir, fosforlu və kaliumlu gübrələr isə hər il, payızda şum altına verilir. Lakin orta və ağır mexaniki tərkibə malik torpaqlarda fosforlu, kaliumlu gübrələri hər il vermək məsləhət görülmür.
Azotlu gübrələr yüksək mənimsənildiyindən onun payızda verilməsi əlverişli deyil. Çünki bu halda azotun kütləvi itkisi baş verir. Buna görə də azotlu gübrələr vegetasiyanın başlanğıcında və ya vegetasiya dövründə hissələrlə, çiçəkləmədən qabaq və meyvəciklərin kütləvi tökülməsindən (iyun) sonra verilir (Şəkil 8.8).
Mikrogübrələr bir qayda olaraq kökdənkənar yemləmə şəklində, vegetasiya dövründə ağaclara çilənir (Şəkil 8.9).
8.5. Herbisidlərin tətbiqi
Meyvə bağlarında alaqlarla mübarizədə uzun müddət mexaniki vasitələrdən istifadə etdikdə torpağın alt qatında sıxlaşma və “döyənək” əmələ gəlir. Bu isə bitkilərin kök sisteminin inkişafını və torpaqda olan əhəmiyyətli mikroorqanizmlərin fəaliyyətini zəiflədir.
Bu səbəbdən alaqlarla mübarizədə kimyəvi vasitələrdən - herbisidlərdən istifadə edilməsi torpağın becərilməsinə çəkilən xərci azaldır (Şəkil 8.10). Kök sisteminin, gövdə və budaqların mexaniki zədələnməsi, torpağın yuyulması ehtimalını aradan qaldırır. Herbisidlər bitkilərə təsir mexanizminə görə kontakt və sistem xarakterli olur.