Süni yağışyağdırma üsulu suvarma, stasionar və ya müvəqqəti borular vasitəsilə aparılır. Süni yağışyağdırmanın üstün cəhətləri kimi onun müxtəlif relyefə malik, qrunt suları üzdə olan sahələrdə istifadə edilməsinin mümkünlüyü, su sərfinin nizamlanması, havanın quraqlığının aradan qalxması, yarpaqların yuyulması, tozun yatması və s. göstərmək olar. Eyni zamanda qeyd edilməlidir ki, bu halda havanın nisbi rütubətliliyinin artması ilə göbələk xəstəliklərinin inkişafı da sürətlənə bilir. Bu halda qabaqcadan mübarizə tədbirləri işlənib hazırlanmalıdır.
Damcı ilə suvarma sistemində hər cərgədə ağac hündürlüyündə sintetik suvarma boruları quraşdırılır (Şəkil 8.7). Hər boru üzərində gövdəyə yaxın hissədə 2-4 ədəd əmzik tipi damcıladıcı bərkidilir. Filtrdən keçmiş su təzyiqlə bu borulara verilir. Daimi olaraq gövdə ətrafına bu borulardan tökülən damcılar torpağın 20-40 santimetrlik qatının rütubətlə təmin olunmasına şərait yaradır. Bu üsulda suya yüksək dərəcədə qənaət edilir. Lakin damcı ilə suvarma yalnız səthi kök sistemi yaradan, qismən orta boylu klon calaqaltılar üzərində becərilən bitkilər üçün əlverişli sayılır.
Torpaqdaxili suvarma üsulunda köklərin əksər kütləsinin yerləşdiyi zonaya plastik kütlədən və ya fosfor tipli materialdan hazırlanmış suvarma boruları yerləşdirilir. Su bu borularla axıdılır və böyük təzyiqlə, xırda məsaməli tordan torpaq sahəsinə püskürdülür. Bəzi hallarda təzyiqsiz, torpağın sorucu gücünə əsaslanan axımdan da istifadə edilir. Böyük perspektivi olan mütərəqqi suvarma üsulu hesab edilir.
Ümumiyyətlə, istər torpaqüstü və istərsə də süni yağışyağdırma üsulları ilə suvarma zamanı torpağın rütubətliliyi (əsasən, ağır mexaniki tərkibli torpaqlarda) 80 faiz səviyyəsində saxlanmalıdır.
8.4. Bağçılıqda gübrə verilmə işləri
Meyvə bitkilərinin qidalanmasında su, oksigen, karbon qazı, makroelementlərdən - azot, fosfor, kalium, kalsium, maqnezium, kükürd, dəmir, mikroelementlərdən - bor, manqan, sink, mis, molibden və digərləri iştirak edir. Bunlardan karbon qazı, oksigen və hidrogen bitkinin quru çəkisinin 93 faizini təşkil edir.
Mineral maddələr, bitkinin quru çəkisinin az bir kütləsini (3-5 faizini) təşkil etmələrinə baxmayaraq, onlar bitki həyatı üçün vacib elementlər sayılır. Bitkilərin həmin elementlərə olan tələbinə görə onlar iki qrupa - makro və mikro elementlərə ayrılır. Bunlar hamısı bitkiyə gübrələr şəklində verilir.