Bu məqsədlə meşələrdə bitən ağac və kol bitkiləri (müxtəlif növ qovaqlar, qarağac, at şabalıdı, cökə, yapon soforu, sivri-yarpaq ağcaqayın, palıd, şam, qlediçiya (şeytan ağacı, lələkli ağac), itburnu, yemişan, çaytikanı, qarağat və s. istifadə edilə bilər. Bağ qoruyucu meşə zolaqları xarakterinə görə havalanmayan, yarımhavalanan və tam havalanan tipdə olur.
Havalanmayan meşə zolağı sıx yerləşən kol, kol tipli ağac və hündür boylu ağac bitkilərindən təşkil olunur. Zolağın kənarından bağın içərisinə doğru bitkilər boyları artmaqla yerləşdirilir. Belə zolaqların salınmasından sonra bağ sahəsində hava axını məhdudlaşır. Belə qoruyucu zolaqlar az istifadə edilir.
Yarımhavalanan (ajur tipli) meşə zolağı uca boylu, hündür çətirli bitkilərlə kol bitkilərinin növbələşməsindən təşkil olunur. Belə zolaqlarda bitkilər boylarına görə qeyri-mütənasib yerləşdiyindən külək meşə zolağından süzülərək keçir və xırda hava axınlarına parçalanır. Bu cür zolaqlar bağçılıqda geniş istifadə olunur.
Tam havalanan meşə zolağı uca, hündür boylu ağaclardan təşkil olunur. Külək zolağın yalnız aşağı hissəsindən keçir və bağda tam havalanma gedir. Çatışmayan cəhəti quraq rayonlarda rütubətin tez xaric olunmasına və alaq otlarının (xüsusən, çayır, kalış) əmələ gəlməsidır.
8.3. Bağçılıqda suvarma işlərinin təşkili
Suvarılan şəraitdə əgər yerüstü axımla suvarma aparılacaqsa, o zaman yerin mailliyinə uyğun olaraq magistral suvarma arxı (şırımı) sərnələrin sərhədi boyu, qoruyucu meşə zolağının kənarı ilə çəkilir. Müvəqqəti suvarma arxları sərnə daxilində, yol ilə cərgə arasından çəkilir. Qapalı su boruları tətbiq etməklə torpaqaltı, damcı və ya süni yağış yağdırma ilə suvarma apardıqda texniki imkanlar əsas götürülür.
Suvarma üsulları ekoloji şəraitdən, su ehtiyatından, illik yağıntıların paylanmasından asılı olaraq müxtəlif ola bilir. Bağçılıqda suvarma işləri şırım üsulu, zolaqlarla suvarma, dairələrlə suvarma, süni yağışyağdırma üsulu ilə, damcı üsulu ilə, torpaqdaxili suvarma üsulları ilə suvarılır.
Şırımlarla suvarma hələ ki təsərrüfatlarda daha geniş tətbiq edilən torpaqüstü suvarmadır. Bu üsulda su müxtəlif yollarla torpaq səthi ilə axıdılır. Hər şırımın uzunluğu 50-100 metr olur. Su bu şırımlara buraxılır. Sahə bərabər surətdə suvarılır. Lakin suvarmadan sonra cərgə aralarının becərilməsi çətinləşir.
Zolaqlarla suvarma cərgə aralarında eni 1,8-4,2 metr olan, 70-300 metr uzunluğunda zolaqlar (ləklər) şəklində yaradılır. Su bu zolaqlara buraxılır. Bu üsul cərgəarası ot bitkiləri altında saxlandığı halda istifadə edilə bilər. Mənfi cəhəti həddən artıq su sərfidir.
Dairələrlə (kasa) suvarma hər gövdə ətrafında ağacın çətirinin diametrindən asılı olaraq 2-6 metr olan kasa şəklində çala qazılaraq aparılır (Şəkil 8.6). Su paylayıcı şırımlarla bu kasalara ötürülür və kasa dolduqdan sonra o, növbəti kasaya yönəldilir. Mənfi cəhəti həddən artıq su sərfidir.