8.2. Bağ üçün ayrılmış sahədə bölgü işləri
Bağ sahəsində sahə müəyyən edildikdən və çəpərləndikdən sonra həmin sahədə bölgü işləri aparılır. Bölgü işləri bağın ərazisindən asılı olaraq əkin sahələrinə və bağ ərazisində sərbəst ağaclara qulluq edilməsi üçün yollara bölünür. Bağ sahəsində, ilk növbədə, suvarma şəbəkələrinin yerləşməsi nəzərə alınmalıdır. Bağın ilkin texnoloji ərazisi sərmələr adlandırılır. Sərnə bağ sahəsində tətbiq edilən texnoloji işlərdən, ərazinin relyefindən, region üçün xarakterik küləklərin istiqamətindən, torpaq tərkibindən və torpağın su saxlamasından asılı olaraq təşkil edilir.
8.2.1. Bağ sahəsində yolların təşkili
Böyük həcmli meyvə bağlarında müxtəlif xarakterli və istiqamətli yollar ayrılır (Şəkil 8.4). Yollar, əsasən, 4 tipdə olur: ana yol, ətraf yol, sərnəarası və sərnədaxili yollar.
8.2.2. Bağ qoruyucu zolaqlar
Bağ sahələrində əkilmiş ağacları, xüsusən, yeni salınmış bağı küləklərin zərərli təsirlərindən mühafizə etmək üçün bağ qoruyucu zolaqlar salınır. Bağ qoruyucu zolaqlar ağacların küləklərin təsirindən əyilməsinin, yıxılmasının, torpaqdan və bitkilərdən rütubətin həddindən çox xaric olunmasının, meyvəcik və meyvələrin küləkdən tökülməsinin qarşısını alır, arıların normal həyat fəaliyyətinə, sahədə qarın normal toplanmasına şərait yaradır (Şəkil 8.5).
Bir qayda olaraq bağ qoruyucu zolaq kimi ucaboylu, tez boyatan, xəstəlik və zərərvericiləri əsas meyvə bitkilərindən fərqli olan, pöhrə verməyən, toxumları uzağa yayılmayan, küləklərə və digər yerli iqlim şəraitinə davamlı, müəyyən təsərrüfat əhəmiyyətli bitkilərdən təşkil olunur.