8. Bağ salmanın bağçılıqda bitki yetişdirilməsinə təsiri
Bitki yetişdirilməsində müxtəlif proseslərin ardıcıllıqla həyata keçirilməsi keyfiyyətli və yüksək məhsul alınmasında vacib şərtlərdən biridir. Hər bir iş prosesi bitkinin yetişdirilməsi şəraitinə uyğun olaraq planlaşdırılıb tətbiq edilir. Bitki torpaqda və ya müxtəlif substratlarda becərilmə şəraitinə uyğun olaraq ona tətbiq edilən qulluq tədbirləri, bitkiçilikdə həyata keçirilən iş prosesləridir. Bitkiçilikdə iş proseslərinin başlanğıcı torpaq və hazır substratların hazırlanmasından başlanır. Bundan sonrakı iş prosesləri isə bitki əkini və bunun ardınca da bitkinin bol və keyfiyyətli məhsul verməsi üçün ona edilən qulluq tədbirləri ilə davam etdirilir (Şəkil 8.1).
8.1. Torpağın bitki əkini üçün hazırlanması prosesi
Meyvə və giləmeyvə bitkiləri çoxillik olub onlar əkildikləri sahədə uzun illər yaşayır və məhsul verir. Bitkilərin normal böyüməsi, inkişafı, uzun müddət yaşayıb bol məhsul verməsi və məhsulun keyfiyyəti, torpağın hazırlanmasından və ona ediləcək qulluq işlərindən asılıdır. Bitkinin yerüstü sisteminin vəziyyəti onun kök sisteminin güclü inkişafı ilə əlaqədardır. Bitki ona uyğun olmayan torpaqda və ya lazımi qulluq tədbirləri həyata keçirilməyən şəraitdə normal böyüyə bilmədiyindən məhv olur. Meyvəgiləmeyvə bitkilərinin torpağa olan münasibəti onun cins, növ, sort xüsusiyyəti və calaqaltının tipindən asılıdır. Torpaq bitkinin tələbinə uyğun olarsa, onun kök sistemi dərinlərə və ətrafa işləyib yerüstü hissəni qida maddələri və su ilə normal təmin edir.
Belə şəraitdə becərilən bitki uzun ömürlü olub bol və yüksək keyfiyyətli məhsul verir. Bitkinin
böyümə və inkişafı üçün əlverişli olmayan torpaq tiplərində becərilən bitkinin kök sistemi
normal inkişaf edə bilmədiyindən o, yerüstü hissəni su və qida maddələri ilə normal təmin edə
bilmir. Belə şəraitdə olan bitki az və keyfiyyətsiz məhsul verərək qısa ömürlü olur.
Meyvə bağı salmaq üçün seçilmiş ərazinin torpağını hərtərəfli müayinə edib orada bu və ya digər
meyvə bitkilərinin becərilməsinin mümkün olmasını müəyyənləşdirmək lazımdır. Çoxillik
təcrübələrlə sübut edilmişdir ki, quraq və yarımrütubətli bölgə torpaqlarında köklərin 1,6-1,8
metr üzdə, rütubətli və mülayim iqlim şəraitində isə 60-90 santimetr üzdə yerləşmələri yüksək
və sabit məhsula zəmanət verə bilməz.
Torpağın bu baxımdan əsas göstəricilərindən biri onun su
və havakeçirmə qabiliyyətidir.