1.3.1. Çay qumu
Substratın tərkib elementlərindən olan çay qumu əsas element hesab olunmaqla ən ucuz dəyərləndirilən tərkibdir (Şəkil 1.3). Qum dənəciklərinin iriliyi 0,5-2 millimetrdən böyük və kiçik olmamalıdır, bu da drenaj və havalandırma kanallarına dolub tıxac əmələ gətirməsin. Substrat üçün dəniz qumu, yuyulmamış gil qalıqları və digər karxana tullantıları ilə çirklənmiş qumdan istifadə etmək məsləhət deyil. Bu qumun tərkibində bitkilər üçün zərərli elementlər çox olur. Çay qumunu tikinti qumundan fərqləndirən əsas əlamətlərdən biri onun rəng çalarlarının açıq-sarı olması ilə müəyyən edilir.
Qırmızımtıl qumun tərkibində dəmir oksidlərinin miqdarı normadan artıq olur, bu da bitkilər üçün zərərlidir. Yalnız çay qumundan istifadə olunmalı və qabaqcadan axar su ilə yuyulmalı, sterilləşdirilməli və bundan sonra substrat salınması üçün tətbiq edilməlidir. Qumdan məhsul yığımından sonra yenidən substrat salınması üçün istifadə edilə bilər. Lakin yenidən istifadə etməzdən qabaq həmin qum yuyulmalı və yalnız sterilizasiyadan sonra istifadə edilməsi məqsədəuyğundur. Qum substrat qatının aşağı səthi boyunca döşənir və bunun üzərindən digər komponentlər salınır və ya substrat komponentləri ilə qarışdırılıb istifadə olunur.
1.3.2. Çınqıl
Substratın hazırlanmasında istifadə edilən komponentlərdən biri də çınqıldır (Şəkil 1.4).
Çınqıl da istifadədən əvvəl qumda olduğu kimi yuyulmalı və sterilləşdirildikdən sonra tətbiq edilməlidir. Hər iki komponentin yuyulması və sterilləşdirilməsi üçün ilk əvvəl axar su ilə bir neçə saat müddətində yuyulduqdan sonra dərin dibli qablara doldurulur və üzərilərinə 100 °C temperatura qədər qaynadılmış su əlavə edilir. Bu proses əlavə edilən suyun şəffaflaşmasına qədər təkrarlanır. Sonuncu yumada isə suya rəngi dəyişənə qədər kalium permanqanat damcısı əlavə edilir. Yalnız 2-3 saatdan sonra kalium permanqanat qatılmış suyu süzdükdən sonra sterilləşmiş qum və çınqıl qurudulub istifadə edilir.