Pomidor bitkisinin ilk salxımlarındakı meyvələr qonur yetişkənlik fazasının başlanğıcında olduqda salxıma qədər olan yaşlı yarpaqlar kəsilərək götürülür. Sonrakı yığımlarda məhsulu yığılmış salxım kəsilərək ləğv edilir və bu qayda ilə əvvəlcə növbəti salxımlara qədər olan yaşlı yarpaqlar, sonradan isə məhsulu yığılmış salxımlar da kəsilir və bitkinin gövdəsi təmizlənir.
Hər 8-10 gündən bir olmaqla pomidor istixanasında bitkilərə mineral və üzvi-mineral qidalanma, mikroelement qarışığı ilə yemləmələr verilir.
Pərdə örtüklü yaz istixanalarında xiyar bitkilərində yığım aparılarkən hər şeydən əvvəl aşağı yarusda olan, torpağa toxunan meyvələr yığılır. Torpağın səthinə yaxın olan iri, yaşlı yarpaqlar kəsilərək atılır (Şəkil 7.9). Yığımın sonrakı mərhələlərində çox iri, yaşlı, ləkəli xiyar yarpaqları kəsilərək istixanadan çıxarılır. Hər 8-9 gündən bir xiyar bitkisinə üzvi-mineral tərkibli qidalı yemləmə verilir.
Pərdə örtüklü yaz istixanalarında may ayının ikinci dekadasından başlayaraq iyun və iyulun ikinci ongünlüyünə qədər intensiv məhsul yığımı keçirilir. İlk salxımlarda ilk meyvələrin qızarmasına qədər olan yaşlı yarpaqların qopardılması işi başa çatdırılır. Sonrakı salxımlarda olan ilk meyvələr də qızarana qədər olan 2-3 yarpaq səliqə ilə kəsilərək yığılmalıdır. Bitki qalıqları daim istixanadan kənara daşınmalı və orada yandırılmalıdır.
Məhsul yığımı ilə yanaşı, istixanada bitkilərə digər aqrotexniki qulluq işləri davam etdirilir. Yığımların sayı artdıqca pomidor bitkisinin təmizlənmiş gövdəsi istixananın tipindən, becərmənin məqsədindən asılı olaraq ya torpağa sərilərək yenidən kökləndirilir, ya da ki, tərəcə ətrafına dolandırılmaqla intensiv yemləndirilir.
Qrunt substratlı pərdə örtüklü qurğularda tərəvəz məhsullarının istehsalı iyul ayının 15- dən etibarən başa çatmış hesab edilir. Belə ki, həmin tarixdən başlayaraq ölkənin əsas tərəvəzçilik bölgələrində açıq sahədə bir çox meyvəli tərəvəz məhsullarının yığımı və satışı işləri geniş vüsət götürür və bu da örtülü sahədə istehsal olunmuş tərəvəzin satışının qarşısını alır.
Soğan yetişdirilməsində bəzən əzilmə tədbirləri həyata keçirilir. Soğan əkinindən sonra ilk iki ay ərzində bitki güclü yerüstü orqanlar əmələ gətirərək inkişaf edir. Bu dövr ərzində bitki suya daha çox tələbkar olur. Ona görə də bol suvarılır. Yetişmə dövründən asılı olaraq iyun ayının axırlarına doğru suvarma işləri tam dayandırılmalıdır. Bəzi regionlarda bu dövrlərdə bəzən güclü yağışlar başlayır. Bunun təsirindən soğan bitkisinin yeraltı soğanağı inkişaf etmir. Bunun əksi olaraq bitki çiçəkləməyə başlayır. Buna görə də soğanın yerüstü orqanları tapdanaraq əzilir (Şəkil 7.10).