Hündürboylu pomidor sortlarına, adətən, birgövdəli forma verilir və istehsal olunacaq faraş məhsulun vaxtından və miqdarından asılı olaraq üzərində 3-8 ədəd salxım saxlandıqdan sonra gövdənin uc hissəsi qoparılır. Alçaqboylu pomidor sortlarının bitkilərinə yuxarıda qeyd edilmiş şərtlər nəzərə alınmaqla 2-3 gövdəli forma verilir və hər zoğun üzərində 2-4 salxım saxlanılır. Bitkilərə normal aqrotexniki qulluq edildikdə bicvurma və ucvurma əməliyyatları vaxtında aparıldıqda alçaqboylu sortlarda birinci çiçək salxımları 6-7 yarpaqdan sonra əmələ gəlir, növbəti salxımlar isə bir-iki yarpaqdan sonra növbələşir. Hündürboylu pomidor sortlarında isə ilk çiçək salxımları 8-9 yarpaqdan, növbəti salxımlar isə 2-3 yarpaqdan sonra əmələ gəlir. İstixananın mikroiqlim şəraiti və ya aqrotexniki qulluq işləri müxtəlif səbəblərdən pozularsa, bitkilər üzərində istər birinci salxımların, istərsə də növbəti salxımların əmələ gəlmə yeri və növbələşmə ardıcıllığı pozulur. Salxımlarda qönçələrin, çiçəklərin, meyvələrin tökülməsi, onların struktur tipinin dəyişməsi baş verir ki, nəticədə məhsuldarlıq azalır, istehsal gəlirsiz başa çatır.
Pərdə örtüklü isidilməyən yaz istixanalarında pomidor və xiyar bitkilərinin intensiv becərilməsi, suvarılması, yemlənməsi, formavermə və ucvurma əməliyyatları aparılır. Eyni zamanda istixananın aktiv havalandırılması, onun temperatur və nəmlik rejiminin nizamlanması işləri görülür. Çalışmaq lazımdır ki, xiyar bitkisi əkilən istixanada havanın temperaturu 20-22 dərəcə selsi, nisbi rütubət isə 85-90 faiz həddində saxlanılsın. Havanın nisbi rütubətinin normal saxlanması üçün gündə iki dəfə istixananın karkasına, yan divarlarına və yollara su çilənməlidir. Xiyar və pomidor bitkilərinin inkişafını gücləndirmək və məhsuldarlığı artırmaq məqsədi ilə gövdənin məhsulu yığılmış hissəsini kəndirlə aşağı sürüşdürərək nəmləndirilmiş təzə torpaq qarışığında basdırmaq çox faydalıdır. Qrunt əsaslı yaz istixanalarında hər iki suvarmadan bir cərgəarası yumşaltma işləri aparılır. Əlavə qidalı torpaq qarışığı verilir. Bəzən intensiv becərmələr nəticəsində pomidor bitkilərində güclü qeyri-normal böyümə prosesi baş verir ki, bunun da nəticəsində məhsuldarlıq kəskin azalır. Bunun qarşısını almaq üçün suvarmalar gecikdirilir, cərgəarası yumşaltma aparılır, istixana tez-tez havalandırılır, növbəti yemləmədə kalium və fosfor gübrələrinə üstünlük verilir.
Pərdə örtüklü yaz istixanalarında bitki tiplərindən asılı olaraq pomidorda formavermə prosesləri, bic zoğların, artıq və yaşlı yarpaqların təmizlənməsi, salxımların və çiçəklərin sayının nizamlanması işləri aparılır (Şəkil 7.8). Gündəlik havalandırma rejiminə əməl olunur. Nəzərə alınmalıdır ki, hündürboylu bitkilərdə 5-6 salxım saxlanmaqla ucvurma apararkən sonuncu salxımdan sonra 2-3 yarpaq saxlanmalıdır. Alçaqboylu bitkilərin üzərində olan salxımların sayı istehsal ediləcək məhsulun miqdarı nəzərə alınmaqla nizamlanır. Şirin bibər və badımcan bitkilərində meyvələr texniki yetişkənliyə çatdıqda yığılır. Toxumluq məqsədi ilə tam bioloji yetişkənliyə çatmış meyvələr yığılır. Bu tədbirlərlə bərabər, cərgəaralarının becərilməsi, suvarma və yemləmə işləri, torpağın yumşaldılması əməliyyatları aparılır.