Qabaqca budaq gövdəyə birləşdiyi yerdən 10-15 santimetr aralı, alt hissədən diametrinin 1/3-1/4 hissəsi qədər kəsilir. Sonra bu kəsimdən budağın ucuna doğru, 5-10 santimetr aralı budaq kəsilməyə başlayır. Kəsim budağın özəyinə çatdıqda budaq öz ağırlığı ilə aşağı əyilir və əsasən, yaxın aparılmış qoruyucu kəsimdən qopur. Beləliklə, gövdə üzərində budaqdan yalnız kötükcük qalır. Belə kötükcüyü düzgün kəsmək isə halqaya çətinlik törətmir. Bunun üçün gövdə uzunluğunu əsas xətt üzrə götürüb budağın ayrıldığı halqanın üst hissəsindən həmin xəttə nisbətən 45-50 dərəcəlik bucaq altında bir xətt çəkilir. Alınmış bu bucağın mərkəzindən ayrılan (22,5-25 dərəcəlik) xətt, kəsimin yerini göstərir. Mişarla aparılmış kəsimdən sonra kəsim yeri iti bıçaq və ya iskənə ilə sağlam toxumaya çıxana qədər təmizlənir. Hər kəsimdən sonra kəsim yerinə bağ məlhəmi və ya yağlı boya sürtülür.
7.4. Tərəvəzçilikdə budama, yıxılma, ucvurma və əzilmə tədbirləri
Tərəvəz bitkilərinin becərilməsində meyvə ağacı və kolların becərilməsində olduğu kimi bəzi ortaq tədbirlər həyata keçirilməklə yüksək və keyfiyyətli məhsul əldə olunmasına nail olmaq olar. Bu tədbirlərdən ən geniş yayılanı bəzi tərəvəz bitkilərində budama və ya ucdan alma kimi işləri misal göstərmək olar.
İsidilən və ya isidilməyən yaz istixanalarında tərəvəz bitkilərinə intensiv qulluq işləri aparılır. Bitkilərdə bic zoğlar budanır, bitkinin tipindən və inkişaf səviyyəsindən asılı olaraq onlara tək və 2-3 gövdəli forma verilir, mineral gübrə verilməsi ilə birgə suvarma aparılır.
Badımcan və şirin bibər bitkilərinə onların tipindən asılı olaraq forma verilir, pomidor kəndirə qaldırılır. Hündürboylu pomidor bitkilərinə, adətən, birgövdəli forma verilir. Bu zaman əsas gövdənin hündürlüyü və onun üzərində olan salxımların sayı istixananın hündürlüyündən asılı olaraq nizamlanır. Nisbətən qısa boylu pomidor bitkilərində 2-3 gövdənin formalaşdırılması məsləhətdir. Bitkilərin inkişaf
mərhələlərindən asılı olaraq bic zoğlar qopardılır, bəzən onların güclü inkişafı zamanı yarpaqlar seyrəldilir, suvarma, yemləmə işləri ləngidilir (Şəkil 7.7). Bu dövrdə istixanalarda havalandırma tez-tez aparılır. Alt hissədə yaşlı və saralmış yarpaqlar qopardılır. Pomidor bitkilərində bu cür cərrahiyyə əməliyyatlarının səhər saatlarında, onların ipə dolanması işlərinin isə günün ikinci yarısında aparılması məsləhətdir.
Şirin bibərin dikduran bitkilərinə birgövdəli, şaxələnən formalarına isə 2-3 gövdənin verilməsi daha yaxşıdır. Hər iki gövdə tiplərində bitkilərin inkişafından asılı olaraq yarpaqların sıxlığı, əlavə zoğların sayı nizamlanır, havalandırma işi aktiv icra edilir.